Ev oyunlarını Mərdəkandakı "Dalğa Arena"da keçirən "Araz-Naxçıvan" doğma azarkeşlər önündə oynamaq planları cızır. "Rekord.az" xəbər verir ki, Naxçıvan şəhər stadionu hazır vəziyyətdə olmasa da, qərar veriləcəyi halda fevralda Premyer Liqa matçlarını qəbul edəcək duruma gətirilə bilər. Etibarlı mənbədən aldığımız məlumata görə, bu barədə müzakirələr artıq iyun ayından başlanılıb. 


Bu yay transfer pəncərəsi dövründə gözlənilmədən əlavə büdcə ayıran və tanınmış və bahalı futbolçular gətirən "ağ-qırmızılılar"ın bu addımı atması təsadüfi deyil. Naxçıvan Futbol Federasiyasının prezidenti və klubun rəhbəri olan Zaur Axundova Zəngəzur dəhlizinin qısa müddətdə açılma ehtimalının böyüdüyü xəbəri verilib. O isə bu əlamətdar hadisəni "Araz-Naxçıvan"ı Azərbaycan çempionu olaraq taclandırmaq qərarına gəlib. Axundov bunun üçün ciddi maliyyə ayırmaq, qışa qədər Bakıda maksimum xal toplamaq, qışdan sonra doğma Naxçıvanda qızıl medal yoluna ayaq basmaq niyyətindədi.