"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa "Sabah"la yoxlama görüşündən (2:1) sonra Rekord.az saytına müsahibə verib:

 

 

- Öncə oyunla bağlı fikirlərinizdən başlayaq...

- Birincisi ondan başlayım ki, heç bir məşq oyunu əvəz edə bilməz. Hətta yoxlama oyununu belə. Bu mənada şadam ki, bu gün "Sabah"la yoxlama görüşündə üz-üzə gəldik. Qələbə qazandığımız üçün də şadam. Eyni zamanda baxışda olan futbolçuları da yoxlama imkanım oldu. 

- Demək olar ki, baxışa gələn bütün futbolçuları sınaqdan çıxardınız. Onlar haqda fikirləriniz necədir?

- İlk növbədə həmin futbolçulara bizim düşərgəyə baxışa gəldikləri üçün təşəkkür edirəm. Əgər hansısa futbolçu ilə rəsmi müqavilə bağlanmasından söhbət gedirsə, bunun üçün daha öncə həkim tibbi komissiyasının müsbət faktı lazımdır. Hələ ki, hər biri bizimlə birlikdə hazırlıqlarda iştirak edir və bununla bağlı qərarlar bir qədər sonra verəcəyik. 

- Ayın 14-də daha bir yoxlama matçını "Kəpəz"ə qarşı keçirəcəksiniz. Baxışda olan futbolçularla bağlı qərar həmin oyundan sonra veriləcək, yoxsa hansısa futbolçu ilə bağlı qərar daha erkən də verilə bilər?

- Vəziyyətə, duruma görə qərar verəcəyik. Çünki mövsümlərarası dönəmdə hər dəqiqə dəyərlidir. Ona görə ola bilər, hansısa qərarı 14-də də verə bilərik, elə bu gün də. 

- Ayın 16-da Türkiyəyə yola düşürsünüz. Orada da iki yoxlama görüşü keçirəcəksiniz. Rəqiblər məlumdur?

- Rəqiblərlə bağlı iş aparılır. Çünki oyun planlaşdırmışıq. Təlim-məşq toplanışı keçirsənsə, yoxlama görüşləri də olmalıdır. Çempionatın startına 1 aydan da az vaxt qalır. Bundan başqa, Türkiyədə də baxışa gələcək futbolçular olacaq. Yəni hamısını nəzərə alırıq.

- Rumıniyalı fiziki hazırlıq üzrə məşq gəlsə də, onunla anlaşma alınmadı. Sözügedən posta yeni namizəd var?

- Bunun üzərində də iş gedir, fiziki hazırlıq üzrə məşqçi axtarışı da davam edir. Hər şey normal plan üzrə getsə, məşqçilər korpusuna daha bir nəfər əlavə etmək fikrimiz var.

 

Kənan MƏSTƏLİYEV