Adi möcüzə
- 10:41
- 43
Elə hadisələr var ki, onun dəyərini həmin an anlaya bilmirsən. Vaxt lazımdır. Gün, ay, bəlkə də illər keçməlidir bunun üçün. Bəhlulun qolundan sonra gələn qələbə məhz belələrindəndir. Biz nə baş verdiyini vaxt keçdikcə daha da yaxşı başa düşəcəyik. Əslində, bilinir nə baş verib. Möcüzə baş verib. Adi möcüzə. Bir baş məşqçinin, bir komandanın, bir klubun yaratdığı adi möcüzə. Buna başqa izah, başqa tərif vermək mümkün deyil.
Sıfır dərəcə havada, gecə yarısı stadionda olub Mustafazadənin qoluna sevinib səhərə qədər yata bilməmək varmış qismətimizdə. Mən də orada idim. 25 min digər azarkeşlə birlikdə. Kim bilərəkdən gəlməmək qərarı vermişdisə, peşman olacaqdı. Çünki böyük tarixin yazıldığı möcüzəli gecədə orada olmaq və bunu sonrakı nəsillərə "mən də orada idim" deyərək danışmaq şansı vardı. Biz onu qaçırmadıq. "Qarabağ"ın da qələbəni qaçırmadığı kimi. İnam çox vacib bir şeydir.
Uzun müddətdən sonra bəlkə də ilk dəfə idi ki, Qurban Qurbanovun həm start heyət seçimi, həm əvəzetmələr, həm həmin əvəzetmələrin vaxtı, oyuna müdaxilələri tamamilə doğru idi. Başlayaq, 11-likdən. Montielin ortada, Kadinin mövqeyində oynamalı olduğunu hamımız deyirdik, təkrarlayırdıq, nəhayət, baş məşqçi də bu addımı atdı. Zubir solda öz yerində oynadı, Leandro öz, Duran da ampluaca hücumçu olmasa da, öz deyəcəyimiz mövqeyində. Bu heyət və düzülüş Antalya toplanışında eynilə sınaqdan keçirilmiş, hazırladılmışdı. Özbəklərlə 45, polyaklarla 90 dəqiqədə əsas heyət bu formada oynadılmışdı. Hətta oyuna sonradan məlum başıbəlalı "hücumçu"nun yox, məhz Musa Qurbanlının salınacağı da orada məşq edilmişdi. Yəni "Ayntraxt"la matça ciddi hazırlıq görülmüş, az qala 1 ay əvvəldən hazırlanan planla çıxılmışdı. Yeganə çətinlik rəqibin baş məşqçisinin dəyişilməsi və yerinə gələnin nə edəcəyinin naməlum qalması idi. Amma yalnız bu amilə görə aylıq planı pozmaq düz olmazdı. Baş plan cızılıb, işlənib, qurulub, hazır idi. Qalırdı onu reallaşdırmaq. Almanlar nə edəcəkdilər, necə edəcəkdilər, bizi maraqlandırmırdı.
Hər halda, "Qarabağ" ehtiyatlı başladı. Meydana 3-6-1-lə çıxan qonaqların da xüsusi hücum istəkləri görünmədiyindən qısa müddətdə vurulan qarşılıqlı qollar oyunun startındakı kontekstə heç uyğun gəlmirdi. Rəqib futbolçuların keyfiyyəti yüksək olsa da, həm oyun intizamlarının olmaması, həm də müdafiədəki böyük boşluqları təəccübləndirirdi. Adi epizodlarda səhvə yol verir, "Qarabağ"ın ən kiçik pressinqində çıxış yolu tapa bilmirdilər. Əvəzində orta xətdə bizdən daha sürətli, hücumda daha təhlükəli idilər. Belə olan halda müdafiədə oturmaqla qol vurmaq şansımızı azaldacaq, hücuma aludə olanda isə top buraxma ehtimalımızı artıracaqdıq. Seçim etmək yox, təmkinli və balanslı oynamaq gərək idi. Qısa ötürmələrlə topu meydanda gəzdirmək, şans gözləmək, rəqibi cinahlardan "iynələmək" planı işləməli idi.
İşlədi də. Cəfərquliyev müdafiədə səhvlər etsə də, ön xətdə möhtəşəm idi, Zubirlə birlikdə rəqibin cinahında böyük təhlükəyə çevrilmişdi. 2 qol onun ötürməsindən sonra vuruldu ki, bir cinah müdafiəçisi üçün bundan böyük məhsuldarlıq fikirləşmək olmaz. Sağda da Silva əla oynadı, almanlara əl-qol açmaq imkanı vermədi. Cinahlarımız yaxşı idi deyə, "Ayntraxt"ın bu plandakı üstünlüyü aradan qalxmışdı.
Montielin istedadına bir daha şahidlik etdik. "10 nömrə" mövqeyində özünü çox yaxşı hiss edir, keçidlər, ara ötürmələri ilə böyük təhlükəyə çevrilirdi. Yeganə çatışmazlığı atletik hazırlığı idi ki, bu ona davamlılıq baxımından mane olurdu. Hiss olunur ki, istəklidir, gələcəkdə daha çox xeyir verəcək. Sadəcə bir qədər də vaxt lazımdır. Ölkə çempionatında da meydana çıxmaqla oyun təcrübəsi problemini də aradan qaldırıb mükəmmələ yaxın olacaq.
Tək-tək bütün oyunçular haqda zamanı gələndə danışacağıq, indi buna lüzum görmürəm. Əsas olan meydandakı komanda oyunu idi və həlledici meyar da bu oldu. Oyundan öncə də yazmışdım ki, bu matçda qələbəni kim daha çox istəyəcəksə, o da qazanacaq. Nöqtənin 90+4-cü dəqiqədə qoyulması bunun sübutu idi. Hakimin qapımıza təyin etdiyi penaltidən sonra "qısa qapanma" keçirən komandamız almanlara bu dəfə meydanda maşının onlar yox, bizim olduğunu göstərdi.
"Qarabağ" çox böyük ehtimalla, pley-offu təmin edib. Bu, o deməkdir ki, biz Bakıda ən azı daha bir ÇL matçına şahidlik edə bilərik. Potensial rəqiblər də möhtəşəmdir. Aralarında "Barselona" kimi dünya nəhəngi də var, məsələn. Bunu düşünmək belə həyəcan verir.
Təmsilçimiz, qürurumuz "Qarabağ"a təşəkkür edərək bitirək yazını. Bir futbol komandasının edə biləcəyindən artığını edən "köhlən atlar"ın davam edən Avropa fəthini izləmək böyük zövqdür. Həm futbol zövqü, həm də milli hisslərin zirvəyə qalxdığı bir zövq.
Ardı gəlsin, davamlı olsun!
Təşəkkürlər, "Qarabağ"!