İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Çempionşipdə mübarizə aparan “Hall Siti”nin gənc forvardı Kin Luis-Potteri transfer edib.

Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. 21 yaşlı futbolçunun keçidi “Brentford”a 16 milyon funt-sterlinqə başa gəlib. Lakin “Hall Siti”nin bonuslarla daha 4 milyon funt-sterlinq qazanmaq şansı var. İngilis futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb.

Kin Luis-Potter “Hall Siti”nin öz yetirməsidir. O, peşəkar karyerasına 2019-cu ildə məhz bu komandada başlayıb. Doğma komandasının heyətində 122 matça çıxmış futbolçu, bu görüşlərdə 30 qol vurub. O, İngiltərənin U-21 yığmasında da 4 oyuna çıxıb və 1 qol vurub.

“Hall Siti”nin sahibi türkiyəli Acun Ilıcalıdır.