Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresində iştirak ediblər.

Rekord.az xəbər verir ki, Qətərin paytaxtı Dohada təşkil edilən konqresə BCF-nin rəsmi nümayəndələri, o cümlədən, 100-dən çox ölkədən təmsilçilər qatılıblar.

Konqresin gündəliyinə BCF-nin baş katibi və baş xəzinədar vəzifələrinə seçkilər daxil edilib. Böyük Britaniya təmsilçisi Liza Allan baş katibi seçilib.

Həmçinin, idmanın inkişaf proqramları, təhsil, hakimlik, məşqçilik üzrə məsələlər və yeniliklər müzakirə olunub. BCF və Kontinental Birliklər hesabatlarını təqdim ediblər.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Mauris Vizer bütün milli federasiyalara, Kontinental Birliklərə və cüdonun inkişafına verilən böyük dəstəyə görə BCF-nin əməkdaşlarına təşəkkür edib.

Konqresdə BCF-nin baş direktoru və Beynəlxalq Elektron İdman Federasiyasının prezidenti Vlad Marinesku çıxış edib. O, cüdoya dair ən son xəbərləri operativ bütün dünyaya çatdırmaq üçün müxtəlif platformalar haqqında məlumat verib. Marinesku, həmçinin, BCF-nin ən uğurlu təşəbbüslərindən biri – hazırda 2,5 milyon fərdi istifadəçiyə sahib olan, uşaqların cüdonun dəyərlərini anlamaq və daha sonra cüdo ailəsinə qoşulmaq üçün effektiv vasitə kimi “Minecraft” oyununu xüsusi qeyd edib.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bu idman növünü təbliğ etmək və standartların təkmilləşdirilməsi üçün Beynəlxalq Cüdo Federasiyası ilə sıx əməkdaşlıq edir. BCF tələb olunan infrastrukturun inkişafı baxımından ACF-yə texniki dəstək göstərir.