Premyer Liqada 8-ci tur geridə qaldı. Öyrəndik ki...


- "Kəpəz"in az qala əbədi olacaq rekordu (məğlubiyyətsiz çempionluq) bu il də təkrarlanmayacaq. "Zirə"nin yenilgisindən sonra bu dəqiqləşdi. İndi həmin "Kəpəz"in ancaq eyniadlı kölgəsi qalıb və o kölgə bu tur mövsümdə ilk qələbəsini bayram etdi. Məşqçilər heyəti tam şəkildə millidə olmuş "Şamaxı" bu durumdan çıxa bilmədi və ən kiçik şansdan belə yararlanmağı bacaran Azər Bağırov komandasının ilk xallarını aktivə yazdırdı. Gəncə təmsilçisinin yayda bu mütəxəssislə yollarını ayırmaqda səhvə yol verdikləri bir daha təsdiqini tapdı.


- Mənfi mənada əlamətdar hadisə isə "Turan" - "Qarabağ" qarşılaşmasında qeydə alındı. Komandaların heyətində startda meydana çıxan 22 nəfər arasında cəmi 1 azərbaycanlı - Faiq Hacıyev vardı (Ozobiç də yerli pasportuna malikdi, amma bu o deyil). Ölkə futbolunun lideri olan "Qarabağ"ın tamamilə legionerlə başlaması üzücüdü. Bəli, bu onların günahı deyil, limit imkan verirsə, bundan istifadə etmək hüququna malikdilər. Qoy, bu əcaib, hətta deyərdim eybəcər durumu yaradanlar, limiti tamamilə ləğv edənlər düşünsünlər. 33 illik müstəqillik tariximizdə belə hal cəmi 1 dəfə olub, onu da 2010-cu ildə "Simurq" etmişdi. Onda baş məşqçi də legioner idi - Roman Pokora. Limit də yox idi. Nə xeyri oldu həmin limitsizliyin? Heç bir xeyri olmadı. İndi də olacağına inam yoxdu.


- Ümumilikdə, bu tur komandalar meydana start heyətində cəmi 31 yerli statusunda oyunçu ilə çıxıb. Və bu kontingentlə biz milli komandadan nəticə istəyirik. Yaxşı eləyirik, amma düz eləmirik.


- "İmişli" haqda yazacam, deyəcəklər yenə dirəşmisən. Qazandıqları xallarla bir işim yoxdu, nəticə qazanırlar, bütün proqnozları alt-üst edirlər. Kaşkilya və yetirmələrini buna görə alqışlamağa dəyər. Düzdü, hesab 0:2 olanda hakimlərin aşkar əllə oyunu görməzdən gəldiklərini və faktiki "Qəbələ"nin qələbəsini əllərindən aldıqlarını da qeyd etməsək, olmaz. Mənim əsas narazılığım meydançadandı. İki həftə sonra ora "Qarabağ" gedəcək. Hava təbii ki, soyuq və yağışlı olacaq, meydança olacaq lıqqa. "Çelsi" ilə vacib ey oyunu öncəsində son sınağı olacaq ağdamlılar əsas heyəti oynadıb formaya salmalıdı. İndi həmin o heyətdən kimsə həmin xarabalıqda zədələnsə - ki, bu ehtimal heç də az deyil, cavabını kim verəcək? 


- "Neftçi"nin bu mövsüm cəmi 1 məğlubiyyəti var, onu da İqor Ribeyronun yanlış qərarla qovulmasından sonra azlıqda qalaraq alıb. Üstəlik, həmin oyunu da "ağ-qaralar" rəqibindən bir baş üstün oynamışdı. "Neftçi"nin oynadığı futbolda problem yoxdu: yetərincə epizod da yaradırlar, müxtəliflik, rəngarənglik də yerindədi. Sadəcə bir məsələ var: bura "Neftçi"di. Burda nəticə verməlisən. Hakimlər rəqibdən oynasa da, sən 7 nəfərlə qalsan da, dünyaya asteroid düşsə də, bir yolunu tapıb qalib gəlməlisən. Nəticə vermək lazımdı, cənablar! Abubalar kimi hücumçu da komandaya qoşulub. Artıq bəhanə, səbəb-günahkar axtarışı, ay "filankəs dua elədi", "filankəs evdən sol ayaqla çıxmışdı" söhbətləri keçmir, keçməyəcək.


- Bir də Kenan Piriç məsələsini deməsək, olmaz. Yaxşı qapıçıdı, CV-sində soz yoxdu, amma o qolları Rza da, Emin də buraxa bilərdi. Samir Abasov digər kiperlərə də şans vermək haqda düşünməlidi. Milli komamda üçün də kömək olar.


- "Sumqayıt" lazımi qələbəsini qazandı, amma qarşıdakı 4 turdan 3-də rəqib "Zirə", "Araz" və "Qarabağ"dı. İliçin komandasının möhkəmliyi məhz bu seriyada sınaqdan keçəcək.


- "Sabah"ı da yaman sıxırıq. Düz eləyirik, belə də olmalıdı, amma hazırda ortada faciəvi heç nə yoxdu. "İmişli"yə rəqibi qiymətləndirməməkləri səbəbindən yenilmələrini çıxsaq, mövsümə yaxşı başlayıblar. Bu tur da "Zirə" kimi rəqibi böyük hesabla yendilər. Bir oyun da ehtiyatlarında var, onu da saysaq, potensial liderdilər. Bir neçə turdan sonra Dambrauskasın işinə tam qiymət vermək mümkün olacaq.