Premyer Liqada 6-cı tur geridə qaldı. Öyrəndik ki...


- "Turan" liderdi. Düzdü, qələbə autsayder "Kəpəz" üzərində qazanılıb. Ancaq qələbə yenə də qələbədi, yenə də 3 xala bərabərdi. Klassik Berdıyev seriyasını izləməkdə davam edirik. Adam nəticə qazana bilir. Ancaq bu nəticə mövsümün sonunda da qənaətbəxş olacaqmı, məlum deyil. Bu gün üçün gedişat yaxşıdı və xüsusi irad bildiriləcək bir şey yoxdu, yalnız alqışlamaq olar. Hələliksə, liderin haqqı liderə! 


- Potensial lider "Qarabağ" da 3 xalı aktivinə yazdı. 10-cu saniyədə təcrübəsiz futbolçunun etdiyi hərəkət haqlı şəkildə qırmızı ilə cəzalandırıldı və "Qəbələ" oyunu sona qədər azlıqda keçirdi. Bu, 11-11-ə oynayıb heyəti tam sınaqdan keçirmək istəyən Qurban Qurbanovun planlarını pozsa da, başqa bir məqam yaxşı oldu. Kaxaber Sxadadze Avropa səviyyəli bir kluba qarşı necə düzgün müdafiə olunmağın mümkünlüyünü göstərdi. Gürcü mütəxəssis əlinin altındakı heyətlə maksimumu ortaya qoymağı bacarır ki, buna görə ona alqış düşür. Qurbanov isə müdafiə olunmağı bacaran, əksər hallarda praqmatik futbol oynayan "Kopenhagen"in bir nümunəsinə qarşı bəzi gedişləri yoxlaya bildi ki, bunu da ağdamlılar üçün müsbət bir məqam kimi qiymətləndirmək olar.


- Kamran İbrahimov 8 qurtarışla "Neftçi"ni qələbədən etsə də, iş təkcə qurtarışlarda deyil. Qapıçının əməyinə kölgə salmıram, işini əla gördü. İşini pis görənlər isə meydan sahiblərinin fiasko hücum xətti idi. Dilimiz ağrıdı deməkdən ki, normal forvard gətirin. Bundan sonra da ümumiyyətlə futbolçu olduğuna şübhə etdiyim Sambunun ümidinə qalacaqsa, vay "Neftçi"nin halına. Nə hücum, nə də orta xətt oyunçularının bu qədər epizodu boşa verməsinin izahı, bəhanəsi yoxdu. Böyük komandalar ən pis oyunla belə qələbə qazanmağı bacaran komandalardı. Bu qədər epizodla "Karvan"ı yeni bilmirsə, deməli, meydana çıxan böyük komanda deyil, "Neftçi" deyil. Nədirsə, başqa şeydi.


- "Sabah" - "Sumqayıt" matçı mövsümün əvvəlindən başlanan hakim performanslarının enmə tendensiyasının davamı oldu. Xüsusilə də, Avropada super oyun idarə edən referilərimizin Biləcəridən içəri girən kimi zəifləməsinə anlam vermək olmur. Mənim bu Liqada inandığım yeganə hakim Əliyar Ağayevdi, hələ də bu inamım qalır. Baxmayaraq ki, Masazırdakı matçda işini gözlənilən səviyyədə görə bilmədi. Yaxşı ki, VAR var və onun köməyi ilə iş cığırından çıxmadı. Baxmayaraq ki, mən Rəhman Daşdəmirovun epizodunu oyun epizodu kimi qiymətləndirirəm və düşünürəm ki, qolu saymaq olardı (hərçənd fikirlərinə hörmətlə yanaşdığım başqa bir hakimdən soruşanda "sarı və cərimədir" dedi bu epizoda). Hər halda, qərar verilib, əksəriyyət də bunu düzgün heab edir. "Sabah"ı dartırlar" söhbətini də yəqin bir müddətlik ertələmək olar.


- "İmişli" haqqında növbəti tərif cümlələri.