Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tur daha çox lider “Liverpul”un səfərdə autsayder “Uotford”a məğlub olmasıyla əlamətdar olub.

Rekord.az xəbər verir ki, mersisaydlılar bu görüşün ikinci yarısında buraxılan qollarla 0:3 hesabı ilə uduzub.

Bununla da Premyer Liqada sonuncu dəfə 2019-cu yanvarın 3-də “Mançester Siti”yə məğlub olan “Liverpul”un 44 oyunluq seriyası qırılıb. Bu müddətdə Yurgen Kloppun yetirmələri 39 qələbə qazanıb, 5 heç-heçə edib. 

Nəticədə liverpullular “Arsenal”ın 49 oyunluq məğlubiyyətsizlik rekorduna çata bilməyib. Cari mövsümdə cəmi 1 dəfə xal itirən komandanın Premyer Liqadakı 18 oyunluq qələbə seriyası da sona çatıb.