Premyer Liqada 3-cü tur geridə qaldı. Öyrəndik ki...


- Çempionat maraqlı olacaq. İlk 3 turdakı sürprizlər liqamıza xasdı, olması da yaxşıdı. Adətən "nəhənglər" müxtəlif səbəblərdən - avrokuboklar, heyətin vaxtında komplektləşdirilməməsi, rəqiblərə yuxarıdan-aşağı baxma və s. - yarışa ağır başlayır, qışa doğru toparlanır, yaza doğru, yazda sürət yığırlar. Potensial autsayderlərin startdakı uğurlarını həm də buna bağlamaq olar.


- Təbii ki, əməklərini də yerə vurmayaq. Zəif saydıqlarımız və heç bir şans vermədiklərimiz yetərincə xal da qazandılar, liderlərlə başa-baş da oynadılar, yaxşı futbol da nümayiş etdirdilər. Bu baxımdan "Karvan"ı fərqləndirə bilərəm. İş başında futbol adamlarının olması, təcrübələri komandaya çox kömək edir. Qalır bu işi bütün mövsümə yaya bilmək.


- Bu tur start heyətində meydana çıxan 132 nəfərdən 39-u yerli futbolçu olub. Nə çox legionerə (9) üstünlük verənlər "Zirə" və "Neftçi", ən azı (5) isə "Qəbələ", "Karvan" və "Qarabağ" olub.


- Ayxan Abbasov bir matçla serb həmkarına göstərdi ki, bu çempionatda "proxodnoy" rəqib yoxdu, hamıya ciddi yanaşmaq lazımdı. Bu, İliçə bir "xoş gəldin" mesajı idi, o da bunu qəbul etdi. Onun rəhbərliyi altında "Sumqayıt" gözəgəlimli futbol oynayır, liqaya rəng qata bilir. Ancaq hələ də lazımi möhkəmlik yoxdu, bəzi çatışmazlıqlar var. Düşünürəm ki, vaxt keçdikcə daha da yaxşı olacaqlar. Hər halda, 3 tura 7 xal da əla nəticədi.


- Sxadadzenin "Qəbələ"si şən və baxımlı oynasa da, futbolçuların təcrübəsizliyi hər 3 oyunda irəli çıxdıqları hesabı qoruya bilməməyə səbəb olur. Ancaq yeni, gənc adların ortaya çıxması sevindirməyə bilməz.


- Bir məğlubiyyətə görə Dambrauskası hesabdan silməyimizi başa düşmədim. Mən də onun səhvlərini yazmışam, davam da edəcəm. Amma adamı rüsvayi-cahan eləmək, ünvanına az qala "məşqçi deyil" kimi ifadələri işlətmək də bir iş deyil. Zəif məşqçi bir neçə ölkədə çempion ola, kuboklar qazana bilməz. Burda alınmaya bilərmi? Təbii ki. Alınmayacaqsa, yola salacaqlar, gedəcək. Məsələn, ardıcıl "Neftçi", "Turan" və "Sumqayıt" matçlarından sonra. Bu seriyanı da uğursuz keçsə, sağollaşmaq olar.


- "Araz" və "Zirə" yenə yaxşı başlayıblar, güclü görünürlər. Sanki ötən mövsümdəki ssenarini təkrarlamağa çalışırlar. Heyət baxımından fərqliliklər var, rəqibləri də hələ ki bərabər səviyyəli deyil. Ona görə də onlar barədə də birmənalı fikir bildirmək üçün tezdi.


- "Turan" da iddiasını ortaya qoymağa çalışır. Komanda klassik Berdıyev komandasıdı. Ortalama xalları yenə yığacaq, mövsümün sonuna qədər yarışda qalacaq. Ancaq bu yarışdan uğurla və lazımi nəticə ilə çıxmaq üçün bir az daha çaba gərəkdi. Kurban ya özü - ki, bundan sonra bu, çətin görünür - ya da komandasının oyun üslubunu dəyişməlidi. Ötən mövsüm heyət problemi böyük idi deyə bunu eləmək asan deyildi. İndi seçim çoxdu və daha da çoxalacaq. Artıq məşqçi də nələrsə eləməlidi. 


- "Kəpəz"i durğuzun, getsin, o yanda yatsın.