19-cu tura baxış
- 13:00
- 35
Premyer Liqada 19-cu tur geridə qaldı. Öyrəndik ki...
- liderlik və avrokubok zonası mübarizəsi gərginləşir. Yarışın hələ ortasıdır, buna uyğun da mənzərə var. Nə çempionu kimliyi bəllidir, nə də Avropaya gedəcəklərin. Aşkar favoritlər yoxdur. Əvvəl rahatlıqla deyirdiksə ki, "Qarabağ" çempiondur", indi vəziyyət fərqlidir. Bu da sevindirməyə bilməz.
- "Qarabağ"ın Şamaxı səfəri çox ağır alındı, amma bu sınaqdan uğurla çıxa bildilər. Hava şəraiti, meydançanın vəziyyətinə baxmayaraq Montiel sadəcə möhtəşəm oynadı. Onu yenidən kəşf etmiş olduq. Duran da son nöqtəni vaxtında və yerində qoyaraq komandasının qızıl medal yarışında qalmasını təmin etdi. Diqqətimi çəkən məqam final fitindən sonra futbolçuların bir yerə toplaşıb, qələbə andı içməsi idi. Heç vaxt belə etməmişdilər. Qazandıqları qələbənin mahiyyətini və buna komanda oyunu ilə nail olduqlarını anlamışdılar.
- Bu komandayla başabaş oynayan bir rəqib var, o da "Araz"ı ilk 15 dəqiqədə təslim etdi. Ötən tur "Zirə"ni etdiyi kimi. Dambrauskasın komandası məğlubedilməz görüntüsü yaradır. Hücumda çox effektivdirlər, müdafiədə etibarlı oyunla yadda qalırlar. Hələ bu mərkəz hücumçusu qıtlığı ilə edilir. Bu tur Xəyal Əliyev o mövqedə oynadı və əla performans nümayiş etdirdi. Valdas müəllimin bu cür gedişləri, potensialı görmə bacarığı da vurğulanmalıdır. Bir sözlə, "Sabah" çempionluq yarışında möhkəmdir, rahatlıqla da bu yoldan çəkilməyəcək.
- "Zirə" uzun fasilədən sonra qalib gəldi. Hücum xəttindəki kasadlığın Rəşad Sadıqova mane olduğu aşkar idi. Volkovun qayıdışı bu baxımdan komandaya da çox kömək etdi. Demək olmaz ki, "Sumqayıt"dan yaxşı oynadılar. Ancaq "daha effektiv oynadılar" desək, yanılmarıq. Saşa İliçin yetirmələri isə həm qələbə qazanmaq, həm də məğlub olmaqları üçün əllərindən gələni etdilər. "Sumqayıt"ın müdafiədəki problemlər aşkardır. Ümumilikdə heyət kasaddır, hücum xəttində alternativ yoxdur. Kapitan Səbuhini də qeyd etməliyik: çox uğursuz mövsüm keçirir və bir müddətdən sonra ehtiyata düşsə, təəccüblənməyəcəyik.
- "Turan" autsayderlə çətin də olsa, qələbə qazandı. Əvvəllər də yazmışam, təkrar edim: bu gün Tovuz təmsilçisinin gözəl oyun yox, nəticə dalınxa qaçmasını normal qarşılamaq lazımdır. Super oynayıb "Karvan"a yenilməyi heç kim anlamayacaqdı. Reallıq budur və onu qəbul etmək lazımdır. Həm də bu mövsüm "Turan" ötənilkindən daha yaxşı, daha baxımlı oynayır. Bu, birmənalıdır. Müdafiə xətti daha öndə qərarlaşır, orta xətt daha sürətli davranır, qol şansları daha çox əldə edilir. Berdıyev özü dəyişən deyil, amma komandasının oyun simasını az da olsa, müsbətə doğru dəyişə bilib.
- "Neftçi" isə bir hissə özü oynadı, bir hissə də rəqibinə imkan verdi. Vernidubun hələ ilk matçdan sonra dediyi "komandam 60 dəqiqə oynadı, gələcəkdə bu rəqəmin artması üçün çalışacam" cümlə yaddan çıxmayıb. Ukraynalı mütəxəssis əla məşqçidir, işi də göz önündədir. Ancaq əlinin altındakı heyət dediklərini etməyə imkan vermir. Bu komandanın 70-75 dəqiqə bu tempdə oynaması üçün yayda yeni, daha yaxşı oyunçular gəlməlidir.
- Hazır Vens də gəlmişkən, bu İranla bağlı söhbətə də nöqtə qoysaydı, yaxşı olardı. Söhbət bitərdi, sərhədləri açardıq. Yoxsa 6 ildir qapalı qutuda oturub-qalmışıq.
- Hava yaxşıdır, çıxın bir az gəzin. Amma əyninizi qalın edin. Xəstələnmək vaxtı deyil.