18-ci tura baxış
- 13:49
- 38
Premyer Liqada 18-ci tur geridə qaldı. Öyrəndik ki...
- Lap əla da çempionatımız var. Avropada mövsümə damğa vurmuş, hələ də yürüşünü davam etdirən "Qarabağ" çempionluq mübarizəsində güc-bəla ilə qalır. Avrokubok zonasında əməlli-başlı sıxlıqdır, hətta 8-ci pillədəkinin də şansı var. Elitada qalma uğrunda mübarizədə də "lider" var, amma sonda işlərin necə olacağı bilinmir. Bir sözlə, intriqa hər mövqedə, hər pillədə var. Bu da maraqlıdır, izləməyə həvəsləndirir.
- Turun komandası "Sabah"dır. Çox əla təsir bağışlayırlar. Valdas Dambrauskas az qala qüsursuz işləyən mexanizm qurmaqdadır. "Zirə" kimi rəqibi oyun başlayar-başlamaz sıradan çıxarmaq, bütün suallara elə fasiləyə qədər aydınlıq gətirmək üçün böyük gücə malik olmalısan. Vurulan qollar da ayrıca bir gözəllikdir. "Sabah" yaxşı sürət yığıb. Autsayderlərlə, nisbətən zəif rəqiblərlə lazımsız xallar itirməsələr, "Qarabağ"la şəxsi matçların xüsusi əhəmiyyəti qalmayacaq.
- Son çempion axsayır, amma yıxılmır. "Turan"la matçda rəqibindən zəif oynadılar, Liverpul səfərinin yorğunluğu aşkar göründü. Ehtiyat qüvvənin əvvəlki kimi güclü olmaması, çempionatda, əsasən də qızıl medallar uğrunda yarışda rəqabətin artması və yersiz xal itkiləri növbəti səhvin bağışlanmaz olacağını göstərir. ÇL, tarix, Avropada ölkəni əla təmsil etmək öz yerində, ancaq daxili yarışı da gözardı etmək olmaz. Tovuzlulara qarşı həm maksimum dəqiqliklə oynadılar, həm də bəxt yanlarında oldu. Son dəqiqələrdəki epizodları qonaqların şanssızlığına yazmaq olar.
- "Turan"ın mərkəzi qarşılaşmada daha yaxşı oynayan tərəf idi. Ayxan Hüseynov boş qapıya zərbəni gecikdirdiyi, son saniyələrdə isə Olabenin milyon faizlik epizodu qaçırdığı məqamlara söz tapmaq olmur. Çempion olmaq, Avropaya getmək istəyən, buna iddialı olan komanda, futbolçular belə şansları qaçırmamalıdırlar.
- "Neftçi" toparlanıb. Yuri Vernidubun rəhbərliyi altında komanda həm yaxşı oyun nümayiş etdirir, həm də lazımi xalları toplayır. "Araz" zəif kollektiv deyil və onun bu qədər böyük fərqlə üstələnməsi təsadüf ola bilməz. Aleksey İsayevin bəhsinə eynən 3 məhsuldar ötürmə verən Emin Mahmudovun da bu cür geridönüşünü izləmək maraqlıdır. "Ağ-qaralar" avrokubok zonasındadırlar və mövsümün əvvəlində əlçatmaz görünən hədəf artıq o qədər də uzaqda deyil.
- "Sumqayıt" sakitcə 3 xalı aktivinə yazaraq gizli iddiaçı statusunu qorudu. Rəqiblərinə nisbətdə daha kiçik büdcəyə malik olan "kimyaçılar", geniş olmayan heyətlə də nəsə etməyin mümkünlüyünü göstərə bilirlər.
- Qışdan sonrakı sürpriz "Qəbələ"dir. Həm nümayiş etdirilən yaxşı futbol, həm də yaxın pillələrdə olan rəqibləriylə matçlardan maksimum xal çıxarılması komandanı zirzəmidən çıxartdı. Kaxaber Sxadadze və yetirmələri işlərinin öhdəsindən artıqlamasıyla gəlirlər və hələ çoxlarına başağrı olacaqlar.
- "Kəpəz" ötən turdakı böyük qələbəni bu tur heç elədi. Belə qeyri-sabitlik yaxşıya əlamət deyil.
- Liqanın yayımındakı yeniliklər də mübarəkdir. Bunu ancaq alqışlamaq olar.
- Havalar bir az soyuyacaq. Əyninizi qalın edin. Tramp da dünyanın dolayıb ABŞ-sinə, bu günü sabahı bilmək olmur.