Premyer Liqada 17-ci tur geridə qaldı. Öyrəndik ki...


- komandalar toplanışdan hazır dönüblər. Heç birində xüsusi funksional problem yoxdur, normal durumdadırlar. 


- stadion, meydança, azarkeş problemi isə əvvəlki kimidir, həllini gözləyir. Minlərlə dəfə demişik, yazmışıq. Odur ki, hesab edin təkrar etdik.


- çempionluq yarışı çox maraqlı olacaq. "Qarabağ"ın əsas rəqibi "Sabah"la 2 çempionat oyunu qalıb, ikisi də "Azərsun"da olacaq. Ola bilər, bunu da nəzərə alıb rahat davranırlar, amma o 2 matçda 6 xalı indidən aktivə yazmaq da tezdir. Hər şey ola bilər. Çünki ağdamlıların ikinci heyəti əvvəlki kimi güclü deyil və autsayder "Kəpəz" belə bu yanaşmanı bağışlamır. Azər Bağırov minimal şansdan da yararlana bilən, yaxşı mütəxəssisdir. Növbəti dəfə bunu təsdiqlədi. 


- "Sabah" isə sakitcə 3 xalını qazanıb liderliyini möhkəmlətdi və aradakı fərqi 4-ə çatdırdı. Zəiflərlə xal itirmədikcə Dambrauskas komandasını istənilən hədəfə çatdıra bilər. Bizim Premyer Liqada medallar derbilərdə yox, adi matçlarda qazanılır.


- "Turan" da hücum futbolu oynayarmış. Berdıyevdən çıxmayan iş. Xüsusilə ilk 45 dəqiqədə daha çox irəlidə oynayan, geri oturmayan bir kollektiv izlədik. Fasilədən sonra "Sumqayıt" ayılsa da, şanslardan istifadə edə bilməmələri və müdafiədə verdikləri ciddi boşluqlar nominal meydan sahiblərinə fərqlənmək imkanı yaratdı. Arxa xətt düzəlməsə (hücumda da problemlər var), Saşa İliçin yetirmələri hələ çox problemlər yaşayacaqlar. "Turan" isə liderlər qrupundadır və iddialıdır. Ehtiyatda olan matçı da nəzərə alsaq, tovuzluların "Qarabağ"la aralarında cəmi 3 xal qalır. Gələn tur da rəqib ağır Liverpul səfərindən qayıdacaq. Əla şansdır.


- "Neftçi" də pis görünmür. Vernidub komandanın əl-ayağını yığmağı bacarıb, sistem oturmağa başlayıb. Tətbiq etdiyi hücumameylli oyun daha çox enerji və intensivlik tələb edir. Ona görə də futbolçulardan əvvəlkindən daha çox çalışmaq tələb olunacaq. Top artıq onlardadır, işi onlar həll etməlidirlər.


- "Qəbələ"nin toparlanmasını görmək sevindiricidir. Sxadadzenin yetirmələri turnir cədvəlində oynadıqları oyuna uyğun pillədə deyillər. Ayxan Abbasovun komandasına səfərdə 4 cavabsız top vurmaq asan iş deyil. Hamımıza necə güclü "Neftçi" lazımdırsa, elə də güclü "Qəbələ" lazımdır. Bu, futbolumuzun ancaq xeyrinə olar.


P.S. Bilmirsiz, pinqvin hara getdi?