17-ci tura baxış: "Sabah" yuxarı, "Karvan" aşağı
- 13:00
- 42
Qış fasiləsindən sonrakı ilk tur bir sıra maraqlı məqamları üzə çıxardı. "Qarabağ" gözlənilmədən evdə "Kəpəz"ə uduzdu. 3-4 gün öncə ÇL-də "Ayntraxt"ı məğlub edən komanda necə oldu ki, evdə autsayderə uduzdu, oturub günlərcə baş sındırsan bir yerə çıxa bilməyəcəksən. Mümkün olan şey deyil. Çoxları bunu "ikinci heyət", "motivasiya" və s. səbəblərə bağladı, amma nəyə bağlayırsan bağla, izaholunmaz məsələdi. Bu mənzərə bir məqamı da ortaya çıxardı ki, çempionatın səviyyəsi bir qədər də qalxsa, "Qarabağ" üçün çox ciddi problemlər başlayacaq. Öyrəşmişik ki, Qurban Qurbanov əsas gücü avrokuboklara saxlayır, daxili çempionatda ehtiyatda qalan futbolçularla da rahat şəkildə oynayıb çempionluğu təmin edirdi. Hansısa oyunda çətinə düşəndə də Zubiri, Yankoviçi gedişatda oyuna salıb istədiyi nəticəni əldə edirdi. Amma bu mövsüm fərqli gedir. Demək ki, çempionatın səviyyəsi bir qədər də qalxsa, digər komandalarda keyfiyyət bir qədər də yüksəlsə, “Qarabağ” məcbur olub çempionat oyunlarına da avrokuboklara çıxdığı “onbirlik”lə çıxacaq. Bu isə avrokuboklardakı oyunlarda uğurlu nəticə üçün ciddi maneə ola bilər.
“Sabah” “Qarabağ”ın xal itkisindən maksimum istifadə etdi və “Karvan” üzərində problemsiz qazanılan 3 xalla aradakı fərqi 4-ə yüksəltdi. “Qarabağ”ın ÇL-də yoluna davam etmək şansının yüksək olduğunu nəzərə alsaq, Dambrauskasın komandası əsas rəqibin sıx qrafikindən ən azı daha 1 ay faydalanıb aradakı fərqi bir qədər də böyüdə bilər. Qısası, çempionluq üçün yaxşı imkan yaranıb, qalır bu imkandan maksimum istifadə etmək.
"Karvan"ın işi isə çox çətindi. Heyət elitada qalmaq üçün yetərli görünmür. Klub idarəçiliyində problemlər var. Komanda Yevlxa qayıtsa da, bunun üstünlüyünü nəticələrdə görə bilmirik. "Sabah"a uduzmaq qəbahət deyil. Amma futbolçularda olan ruhsuzluq, əzginlik, qeyri-əzmkar oyun adamı düşünməyə cadar edir.
“Turan Tovuz” “Sumqayıt”la oyunda çox vacib 3 xal qazanaraq 3-cü pilləyə yüksəldi. Halbuki Sumqayıt təmsilçisinin də analoji pilləyə yüksəlmək şansı pis deyildi. Stadion problem yaşayan rəqibi önündə de yure qonaq olsa da, de fakto ev sahibi idi. Lakin İliçin komandası bu şansdan istifadə edə bilmədi və evdə uduzdu. Maraqlıdır ki, “Sumqayıt” “Mehdi Hüseynzadə” istifadəyə veriləndən burada “Turan Tovuz”a qarşı keçirdiyi bütün oyunlarda uduzub. “Turan Tovuz” bu qələbə ilə 3-cü pilləyə yüksəlsə də, orada möhkəmlənmək asan olmayacaq. Növbəti turda rəqib “Qarabağ”dı və 3-cü pillədə qalmaq üçün qələbə mütləqdi. Düzdür, 4-cü pillədəki “Zirə”nin “Sabah”la ağır oyunu var və xal itirmək ehtimalı az deyil. Amma “Sumqayıt” aşkar autsayder “Karvan”I məğlub edib yenidən “Turan Tovuz”a çata bilər. Nəzərə alaq ki, sari vərəqə cəzasını başa vuran Rüstəm Əhmədzadə ilə Nikola Ninkoviç də sıraya qayıdacaq. Hansı ki, onların yoxluğu “Turan Tovuz”la oyunda aşkar görünürdü.
Vernidubun gəlişindən sonra BƏƏ-də yüksək şəraitdə toplanış keçən “Neftçi” qışdan sonrakı ilk matçında qələbə qazana bilmədi. Amma nəzərə alaq ki, rəqib də möhkəm və iddialı “Zirə” idi. Oyunun ümumi gedişinə baxsaq, heç-heçəni ədalərsiz nəticə saymaq olmaz. Hələ ukraynalının işinə qiymət vermək tezdir. Ən azı 5 turdan sonra müəyyən fikirlər söyləmək olar.
Rəşad Sadıqovun “Zirə”nin qışdqan sonrakı qrafiki isə asan deyil. Yenilənmiş “Neftçi”, lider “Sabah” və çətin “Sumqayıt”la çətin səfər oyunu. Zirəlilər bu oyunlardan məğlubiyyətsiz çıxa bilsələr, sonrakı işləri daha rahat ola bilər.
Digər oyunlara gəlincə, “Qəbələ”nin səfərdə “Şamaxı”nı 4:0 məğlub etməsi sözsüz ki, turun yox, bu ana qədər çempionatın ən sensassiyalı nəticəsi sayıla bilər. O “Şamaxı”nı ki, “Qarabağ”, “Sabah” kimi komandalar belə, səfərdə 3 xalı qan-tərlə götürüb. Amma hər nə qədər sensassiya olsa da, “Qəbələ”nin haqqını vermək lazımdı. Hələ qışa qədərki dövrdə də baxımlı futbol oynamağa çalışan bölgə təmsilçisi bəzən bəxtsiz məğlubiyyətlərlə də üzləşirdi. Amma Sxadadzenin komadası oyun planında seçilirdi. Bu cür davam etsələr, böyük ehtimalla Premyer Liqada qalacaqlar.
“Qarabağ” üzərində sensassiyalı, 9 xala bərabər 3 xal qazanan “Kəpəz” də elitada qalmaq yolunda ümid verdi. Təbii ki, bunun ardını növbəti turda “Şamaxı” ilə oyunda gətirmək lazımdı. Azər Bağırovla Ayxan Abbasovun duelinin növbəti tura rəng qatacağını indidən söyləmək olar.
O ki qaldı, jurnalistlərin sayının azarkeşlərin sayından çox olduğu “İmişli” – “Araz Naxçıvan” matçına, təmsil etdikləri şəhərlərə adlarından başqa heç nə ilə bağlı olmayan komandaların oyunu haqda yazmağa ehtiyac görmürəm. Bu da onların klub siyasətinə bir jurnalist etirazı olsun.
Anar XANLAROV