
10 ulduzluq matç!
- 11:15
- 47
"Qarabağ", "Neftçi" və "Turan" kimi komandaların belə heç də həmişə 5 min azarkeş qarşısında oynamadığı bir zamanda 2-ci Liqada bunu görmək gözlənilən bir şey deyildi. Gözləmirdik. Gözləmirdik, amma futbol gözlənilməzliklərlə doludu. Dünən Azərbaycan futbolu üçün xüsusi bir an yaşandı.
2-ci Liqanın 24-cü turu çərçivəsində baş tutan "Şəfa" - "Şahdağ Qusar" qarşılaşması əslində böyük qələbəliyə şahidlik etməyə bilərdi. Hər iki komanda I Liqaya vəsiqəni vaxtından əvvəl təmin etmiş, qalan matçları rahat keçirmək imkanı qazanmışdılar. Yeganə sual çempionun kimliyi ilə bağlı idi ki, ona da bu matçda aydınlıq gətirmək olardı. Komandalar adi qaydada qarşılaşa, qalibi müəyyən edə, hər şeyi də sakit məcrada başlayıb-bitirə bilərdilər. Amma "Şəfa" rəhbərliyinin biletlərlə bağlı addımı aydın səmada şok effekti yaratdı ki, olanlar bundan sonra oldu. Klub öz azarkeşlərinə girişi pulsuz etsə də, qonaqlar üçün bu məbləğin düz 10 manat təşkil edəcəyini bildirdi. Futbolsevərlərin heç "Qarabağ"ın avrokubok matçlarına o pula bilet almağa razı olmadığı dövrdə qusarlı qonaqlara belə maneənin çəkilməsi doğru deyildi. "Şəfa" tərəfi "onlar ev matçında bizə bileti 2 dəfə bahasına satmışdılar" deyərək bu formada qarşılıq vermək qərarına gəlmişdi. Nonsens idi, bileti 4, uzağı 5 manat etmək olardı - ki, bu da 2-ci Liqa üçün böyük rəqəmdi. Artıq qərar verilmişdi. Amma sən saydığını say, gör Qusar camaatı, Qusar futbolsevərləri nə sayır...
Matçın başlamasına az qalmış media sektorda yerimi tutanda qəribə hisslər yaşadım. Sanki 10-15 il əvvələ düşüb, bu tribunalarda minlərlə azarkeşi görməyi yadırğadımı anladım. İndiki ASK Arena, keçmiş "Şəfa"da bu qədər tamaşaçı yəqin ki uzun illər öncə olmuşdu. Ən son xatırladığım millinin Serbiya və Çernoqoriya ilə matçıdı. Ondan bəri çox az hallarda belə ajiotaja şahidlik etmişdik ki, budəfəkinin memarları qonaqlar - "Şahdağ Qusar" azarkeşləri oldu. Bəli, "Şəfa"nı dəstəkləmək üçün də xeyli tamaşaçı tribunada yerini tutmuşdu, əyinlərində forma, əllərində şərf və bayraqlar vardı. Amma qonaqlar başqa səviyyə idilər. Oyundan xeyli əvvəl, 90 dəqiqə ərzində və ondan sonra da susmayan, dəstəyini əsirgəməyən 2 mindən çox "Şahdağ Qusar" fanatı oyunun bəzəyi, mühərriki, xüsusi rəngi oldu. Şüarlar, yandırılan fayerlər, açılan pankartlar, müxtəlif təzahüratlar matçın özünü unutduracaqdı. Oyun o qədər də keyfiyyətli olmadığından, "Şahdağ Qusar" azarkeşlərini bu yeni rəqabətin qalibi hesab etmək olar. Premyer Liqada çox nadir komandaların belə dəstəyi ola bilər.
Məhz bu məqamda Peşəkar Futbol Liqasına təşəkkür etməyi vacib sayıram. Əslində, oyunun təşkilatçılığı əsasən klubların, xüsusilə də ev sahibi komandanın üzərinə düşür. Lakin nəzərə alsaq ki, II Liqada çıxış edən klubların əksəriyyəti yarımpeşəkar statusdadır və idarəetmə heyətləri geniş deyil, onların peşəkar dəstəyə ehtiyac duyması tamamilə təbiidir.
Peşəkar Futbol Liqası isə bu ehtiyacı görməzdən gəlmədi. Əli cibində dayanmadı, əksinə, bütün heyətilə stadionda idi və həm oyun öncəsində, həm də oyun günü yüksək peşəkarlıq nümayiş etdirdi. Hər iki komandaya — “Şəfa” və “Şahdağ Qusar”a matçın yüksək səviyyədə keçirilməsi üçün tam dəstək verdi.
Matçın elita səviyyəsində, yüksək təşkilatçılıqla müşayiət olunması üçün yaradılan şəraiti qeyd etməmək mümkün deyil. Bu oyunun uğurla baş tutması üçün böyük əmək sərf olunmuşdu. Yayımın və mətbuatın işinin təşkili, təhlükəsizlik məsələlərinin operativ həlli, azarkeşlərlə düzgün kommunikasiya, oyundan bir həftə öncə aparılan PR fəaliyyəti və digər mühüm aspektlərdə yüksək səviyyədə peşəkarlığın şahidi olduq.
Bütün bu işin nəticəsi isə bir II Liqa qarşılaşmasından çox, bir Kubok finalını xatırladan matç oldu. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Çox sağ olun!
Matçın özü barədə qısa onu deyə bilərik ki, hər iki komandanın, xüsusilə meydan sahiblərinin heyəti yaxın və uzaq keçmişin ulduzları ilə dolu idi. Amil Yunanov, Novruz Məmmədov, İbrahim Aslanlı, Bəxtiyar Soltanov, Emin Zamanov, Elnur Cəfərov və digərlərinin Nodar Məmmədov, Ədilxan Qaraəhmədov, İlyas Səfərzadə, Rahid Əmirquliyev və digərlərinə qarşı duelini izləməyə dəyərdi. Təbii ki gözlədiyimiz kimi deyildilər. Artıq çəkisi olan kim, əvvəlki kimi qaça bilməyən, enerji sərf edə bilməyən kim, köhnə günlərindən uzaq olan kim... Bir nostalji havası vardı ətrafda da, meydanda da. Xüsusilə Əmirquliyevi yenidən izləmək çox xoş oldu. Qonaqların kapitanı hər şeyə rəğmən liderliyini əldən vermir, gücü çatdığı qədər mübarizə aparır, lokomotiv rolunu oynayırdı. Ümumilikdə isə "Şəfa"nın fərdi, "Şahdağ Qusar"ın isə komanda oyunu ilə fərqləndiyini, bu yolla nəticə qazanmaq istədiyini qeyd etmək olar. Şəxsən mən qonaqların oyun üslubunu daha çox bəyəndim. Qısa paslar, müdafiədə soyuqqanlı və etibarlı oyun qonaqlara bu mövsümü məğlubiyyətsiz başlayıb davam etdirməyə imkan verib. Deməli, bu nəticələr səbəbsiz deyil. Elnur Abdullayev əla iş görüb, əla komanda yaradıb. Stadiona gələnlər qol izləməsələr də, yaxşı mübarizə, böyük rəqabət görə bildilər. Hər iki komandanın futbolçuları epizodlarda təslim olmadılar, qələbə üçün əllərindən gələni etdilər.
Hakimin final fiti "Şahdağ Qusar"a sərf edən bərabərliyi rəsmiləşdirdi. Bu an həm qusarlıların ehtiyat oyunçular skamyasında, həm tribunalardakı sevinci görməyə dəyərdi. Bayram idi rəsmən. Sona 2 tur qalmış 3 xallıq fərqi qoruyan qonaqlar, çempionluğu qazanırmış kimi sevindilər. Qusardan gəlmiş, nə 10 manatı, nə də uzun yolu maneə saymayan azarkeş ordusunun yaratdığı sevgi seli əla atmosferə səbəb oldu. Təki bütün 0:0-lar belə olsun. Matçdan sonra "Şahdağ" bayraqları ilə bəzənən maşın kortejini də görməyə dəyərdi. Əsl futbol bayramı, əsl futbol ab-havası...
Yazar haqqında
