Futbol üzrə Türkiyə Super Liqasının 30-cu turu çərçivəsində “Qalatasaray”a səfərdə 3:1 hesabıyla qalib gələn “Trabzonspor” 36 il sonra bir ilkə imza atıb.

Rekord.az xəbər verir ki, Trabzon təmsilçisi son 36 ildə ilk dəfə əzəli rəqibləri “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”ya  uduzmayıb.

Bütövlükdə isə “Trabzonspor” tarixində dördüncü dəfə Türkiyənin üç ən böyük klubuna bir mövsüm ərzində məğlub olmur. Sözügedən klub sonuncu dəfə belə bir uğura 1983/84 mövsümündə imza atmışdı. 

“Qalatasaray”la oyunda rəqib qapısına vurulan qollardan birinin müəllifi olan Aleksandr Sorlot isə klubun tarixinə keçib. Mövsümün əvvəlində İngiltərənin “Kristal Pelas” klubundan satınalma şərti ilə 750 min avroya icarəyə götürülən norveçli forvard, “Trabzonspor”da keçirdiyi 44 oyunda 29-cu qoluna imza atıb. O, Super Liqada 30 oyuna 21, Türkiyə kubokunda 6 oyuna 6 qol, avrokuboklarda isə 8 oyuna 2 qol vurub. Əvvəlki rekord Şota Arveladzeyə məxsus idi – 41 oyuna 28 qol.

Sorlotun “Trabzonspor”un Super Liqada da bir mövsüm ərzindəki ən çox qol vuran futbolçusu olması üçün isə daha 5 qola ehtiyacı var. O, bunun üçün son dörd turda rəqib qapılarından məhz bu qədər top keçirməlidi. Belə olan halda o, Arveladzenin rekordunu yeniləyəcək. Gürcü futbolçu 1995/96 mövsümündə Super Liqada 34 oyunda 25 qol vurmuşdu.