"Sabah"ın rəqibi haqda bilmədiklərimiz
- 10:00
- 41
"Sabah"ın Çempionlar Liqasındakı rəqibi Uelsin TNS (The New Saints) klubu oldu. Münasib rəqib saymaq olar. Düşünürəm ki, "Sabah" bu mərhələni keçməlidir və keçəcək. Hər halda, "Sent Patrik"lə oyundakı "hoqqa"nı verməsələr. Hər halda Dambrauskas daha güclü və daha tələbkar məşqçidir, analoji səhvlərin təkrarlanmasına imkan verməz. Rəqib haqda nə demək olar?
TNS 1959-cu ildə yaranıb, Uels-in ən titullu, ən uğurlu klubu hesab olunur. 1997-ci ilə kimi "Llansantffraid", 2006-cı ilə kimi isə «Total Network Solutions» adlanıb. 18 qat Uels çempionudur. 5 dəfə gümüş, 2 dəfə bürünc medalı qazanıb. 2001-02-ci il mövsümündən bu yana bütün mövsümlərdə minimum ilk "üçlük"də olub. Yeganə Uels klubudur ki, avrokuboklarda qrup oynayıb (2024-25, Konfrans Liqası). Ev oyunlarını İngiltərə ərazisində yerləşən 3 min tamaşaçı tutumu olan "Park Holl"da keçirir. Maraqlıdır ki, TNS 1992-93-cü illərə kimi daha çox həvəskar komanda kimi fəaliyyət göstərib və aşağı liqalarda oynayıb. 1995-96-cı ildə Uels kubokunun finalında "Barri Taun"u oyun sonrası penaltilərlə məğlub edərək həm tarixində ilk kubokunu qazanıb, həm də tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb (Kuboklar Kuboku). Çempionlar Liqasında ilk çıxışı 2005-ci il "Liverpul"a qarşı olub və səfərdə 0:3 hesabı ilə məğlub olub. Həmin oyunda əfsanəvi Stiven Cerrard het- trik. Çempionlar Liqasındakı ilk qələbələri 2007-08 mövsümünün ilk təsnifat mərhələsində Latviyanın "Ventsplis" klubuna qarşı olub - 3:2.
2010-11-ci il mövsümündə tarixində ilk dəfə avrokuboklarda mərhələ keçdi. TNS Çempionlar Liqasının ilk təsnifat mərhələsində İrlandiyanın "Bohemians" klubunu üstələdi - 0:1, 4:0.
Komandanın baş məşqçisi 48 yaşlı ingiltərəli mütəxəssis Qreiq Harrisondur. Komandanın heyəti demək olar ki, tamamilə Böyük Britaniyalılardan (Uels, İngiltərə, İrlandiya) təşkil olunub. Aparıcı futbolçuları Natan Şepper (qapıçı), Çek Bodenham (müdafiəçi), Dominik Qorness (yarımmüdafiəçi), Patrik Vilyams (yarımmüdafiəçi), Jordan Vilyams (hücumçu), Ben Vilsondu (hücumçu). Komandanın bombardiri və ən təhlükəli futbolçusu 35 oyuna 28 qol vuran Cordan Vilyamsdı. 16 oyuna 9 qol vuran Ben Vilsonu da diqqətdə saxlamaq lazımdı. 33 oyuna 13 qol vuran Ryaen Brobbelm də komandanın qol silahlarından sayılır. Komandanın ümumi dəyəri 2.3 milyon avrodu.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. “Sabah”ın ilk oyunu evdə olacaq.