İlk qələbə gəldi.


"Sabah" Çempionlar Liqasına gözəl nəticə ilə başlayır.


Çoxdandır bu qədər qapanan, hamılıqla müdafiə olunan rəqib görmürdük. Uelsdən o uzaqlıqda yolu niyə gəlmişdilər, sona qədər anlamadıq. Ancaq top buraxmamaq üçün oynanılan futbolun nəticəsi həmişə eyni olur. Bu dəfə də belə oldu.


"Sabah" meydana ötən mövsümdə olan optimal heyətlə çıxmışdı. Dambrauskas bir-birini yaxşı anlayan futbolçularla mübarizəyə qatılmaq, riskə getməmək, sınanmış yolla qələbə qazanmaq istəyirdi. Bunu doğru hesab etmək olar, çünki avrokubokun ilk qarşılaşmasında sürpriz addımlar atmaq yanlış olardı. İlk dəqiqələrdən intensiv hücum, yüksək pressinqlə oynayan masazırlılar, bu niyyətindən sona qədər dönmədi. Rəqib demək olar ki, irəli getmədiyindən və "xoşbəxtliyi" ancaq öz qapısında axtardığından "Sabah"a yalnız təzyiqi davam etdirmək, ələ düşən imkanlardan maksimum yararlanmaq qalırdı. Şanslar oldu, ancaq bəxt də gətirmirdi.


Şanslarla yanaşı, hücumun sivri ucunda fərqli davranış lazım idi. Cinah ötürmələri, asmalar zamanı mərkəz müdafiəçilərini sıxacaq, orda fiziki hazırlığı, qabariti ilə üstünlük əldə edib komanda yoldaşlarına qol vurmaq imkanı yaradacaq birinə ehtiyac vardı. "İkinci dalğa" təmin edilməli idi. Dambrauskas da bunu sezərək Mbinanı döyüşə atdı. Komandasının hər iki qolunda bilavasitə iştirak edən, rəqib oyunçuların diqqətini yayındıran forvard, öz işini öhdəsindən artıqlaması ilə gəldi və məşqçisinin etibarını doğrultdu. 


Şimiç isə ayrı bir möhtəşəmlik idi. Həmişəki kimi. Böyük oyunçudur.


"Sabah" yaxşı bir üstünlük qazanaraq səfər matçına rahat yollanır. Təbii ki, cavab qarşılaşması bu qədər asan olmayacaq. Rəqib daha açıq, daha aqressiv oynayacaq, fərqlənməyə çalışacaq. Ancaq bu oyun təmsilçimiz üçün qorxulu deyil. Çünki belədə müdafiədə daha çox boşluq əldə edəcək, daha çox qol vurmaq imkanı qazanacağıq. Tur böyük mənada keçilib. Qalır, eyforiyaya qapılmamaq, sakitcə ilkin planla davam etmək.


Təbriklər, "Sabah"! Ardı gəlsin, davamlı olsun!