Nə şişirtməyək, nə də kölgə salmayaq
- 14:09
- 103
Qələbə qələbədir.
Ərazisi Ələt boyda, əhalisi elə oralarda yaşayan qədər olsa da, FİFA sıralamasında yer alırsa, rəqib qanuni rəqibdir. Balacadır deyə "ay, bu nə şirindir, uti-puti-puti" deyib bilərəkdən uduzası, hədiyyə edəsi deyilik. Udmaq lazımdır belələrini. Udduq da.
Bu gün üçün əsas olanı budur, qələbə də qələbədir. Nə şişirtməliyik, nə də dəyərsizləşdirməli.
6:1 hesabı da yaxşıdır. Prinsip etibarilə, 16:1 udsaydıq da, böyük mənada heç nə dəyişən deyildi.
Bir həddimiz olmalı, ondan aşağı düşməməli, güc yetdikcə o həddi yüksəltməliyik. İki ildir qələbəyə həsrət qalan milli qələbə hissini geri qaytarmalı idi. Qollar vurduq, müxtəlif kombinasiyaları sınadıq, başla da, ayaqla da fərqləndik. Maraqlı, əyləncəli bir matç oldu. Xoş bir məqam kimi xatırlayacağıq.
Xatırlamağımız yaxşıdır, amma xatirələrlə yaşamaq yaxşı deyil. Ona görə də elə bu gündən bu qələbəni unutmaq, iki gün sonra qarşılaşacağımız daha yaxşı rəqiblə oyuna köklənmək lazımdır.
Müqəddəs Lüsiya torpağından gələnlərlə matçın taktiki-texniki təfərrüatlarına varmağı düşünmürdüm, ancaq oxucular istədi, etmək də borcumuzdur. Qeydlərimi bölüşüm:
- Start heyəti optimal idi. Ayxan Abbasov daha yaxşı bildiyi, dəfələrlə sınaqdan keçirdiyi 5-li müdafiə ilə başladı, 75 dəqiqə bu cür oynatdı. Sonra Abdulla Rzayevin girişi ilə arxa xətt 4-lüyə keçdi. Oyundan sonra məhz bunu nəzərdə tutaraq sual verdim, məşqçi də Syerra Leone matçını düşünərək bəzi gedişlər etdiklərini dedi. Sınaq üçün uyğun rəqib varsa, şansı qaçırmaq lazım deyil. Abbasov da qaçırmadı.
- Komanda faktiki 2 heyətlə oynadı. Fasilədən qayıdan kimi 11 nəfərdən 10-u əvəzləndi. Rəhman Daşdəmirovdan başqa. O, əlavə 30 dəqiqə meydanda oldu. Niyə başqası yox, məhz onun seçildiyini başa düşmədim. Çünki Rəhman ikinci hissədə yaxşı oynamadı, hətta bir epizodda səhv edib az qala rəqibə hücum şansı yaradacaqdı. Ümumən fasilədən sonra meydanda olan heyət daha dinamik idi. Ancaq ələ düşən imkanları daha çox qaçırdılar, pərakəndəlik göründü. Məncə start heyəti 45 yox, 75 dəqiqə oynasaydı, qol sayımız daha çox ola bilərdi.
- Rəqib həqiqətən çox zəif idi. Normal hücum, kombinasiya, buna yaxın, uyğun nəsə qura bilmirdilər. Bir-iki dəfə gəldilər, ondan da birindən penal qazanıb, yararlandılar. Ümumi götürdükdə isə xüsusi fərqləndirəcək nəsə görmədik ifalarında.
- Maraqlıdır ki, qolların əksərini başla vurduq. Bu, bizə xas özəllik deyil. Bir tərəfdən yaxşıdır ki, alternativimiz var, istifadə etməyə də öyrəşməyə başlamışıq. Digər tərəfdən, 90 dəqiqəyə diqqətlə baxanda görmək olar ki, təkbətək hava mübarizələrinin çoxunu uduzmuşuq. Lüsiyalılar meydanın böyük hissəsində bu komponentdə bizi üstələdilər. Hətta bu yolla əks-hücum belə qurdular 2 dəfə.
- Qapımıza təyin edilən penalti ən azı qəribə idi. Hətta şübhəli idi. Bu cür qərarı vermək üçün hakimin beynində nəsə "başqa fikir" olmalıdır.
- Abdulla Rzayev, Ayxan Hüseynov kimi futbolçuların debütü müsbət məqam oldu.