"Qarabağ"la heç-heçə daha ədalətli nəticə olardı"
- 18:30
- 34
"İmişli" baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 20-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
"Çox çətin və mübarizəli oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandam bu gün taktiki cəhətdən yaxşı oyun göstərdi. "Qarabağ"ın hücum xəttinin qarşısını ala bilirdik. İkinci hissədə standart vəziyyətdə bir səhv qolla nəticələndi. Bu da qələbə qolu oldu. Komandamın oyunundan razı qaldım. "İmişli" yaxşı oynadı, sona qədər mübarizə apardı. Məğlubiyyət futbolun bir hissəsidir. Heç-heçə daha ədalətli nəticə olardı.
İlk dəfədir ev oyunumuza bu qədər azarkeş gəlir. Onların "Qarabağ"ı dəstəkləməsi bizim oyunçulara motivasiya verirdi. Bu, bizə heç bir problem yaratmadı.
Dioqo Almeydanın lazımsız qırmızı vərəqə almasını təhlil edəcəyik. Almeyda barədə tədbir görüləcək.
Qurban Qurbanov kimi məşqçi burada sadəcə bir oyun keçirəndən sonra belə narazılıq edibsə, bizim futbolçular meydançadan razı qalarlar? Burada 16-17 oyun keçirməliyik. Əlbəttə, meydaçanın təsiri böyükdür. Ötən oyunda Yav Mozes, bu gün Mehdi Tahirov zədələndi. Futbolçular da meydançanın təsirini hiss edirlər. Burada oynamağımız nə məndən, nə də oyunçulardan asılıdır. Əlimizdən gələni etməliyik".