“Penaltini yerinə yetirə bilsəydik, əlavə vaxtda şanslarımız olardı”
- 22:00
- 37
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokubun 1/4 final mərhələsinin cavab görüşündə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, kubokda mübarizəni dayandırmalarına belə şərh verib:
“Üzücü məğlubiyyət oldu. İlk oyunda qalib gəlsək də, bilirdik ki, bizi çətin cavab görüşü gözləyir. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də qol epizodlarımız oldu. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Müdafiə planında səhvlər etdik. Buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular. Sonuncu dəqiqədə penaltini yerinə yetirə bilsəydik, bəlkə əlavə vaxtda şanslarımız olardı. Dörd gündən bir oynamaq öz sözünü deyir. Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşacağıq. Kubok bizim üçün bitdi. Rəqibi təbrik edirəm.
Bizdə iki penalti vuran var, Rikardo və Kərim. Rikardo da bir kubok oyununda vura bilməmişdi. Kərim 3 penalti yerinə yetirib. Yorğunluq, oyunun stressi var idi. Qismət.
PFL-lə danışıqlarımız oldu. Hamımız istəyirik ki, meydançalarımız yaxşı olsun, şərait günü-gündən inkişaf etsin. PFL-də çalışanlarla bizim çoxdan əlaqəmiz var. Bir anlaşılmazlıq olmuşdu. Onlara da uğurlar arzulayıram. Bir-birimizi başa düşdük, heç bir problem yoxdur”.