Fransanın “Monako” klubunun hücumçusu Balde Keyta koronavirus pandemiyası ilə əlaqədar Kataloniyada ciddi çətinliklərlə üzləşən 200 seneqallıya yardım edib.

Rekord.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:

“Bu insanlar yemək tapa bilmirdilər, küçədə yatırdılar. Gündə 12 saat çalışırlar, koronavirus pandemiyasına görə dayanmırlar. Qida və geyim ehtiyaclarına yardımçı oldum. Bunu gizlicə etmək istərdim. Amma onlara qalmağa yer tapmaq üçün paylaşmaq məcburiyyətində qaldım”.

Qeyd edək ki, Seneqal əsilli Keyta özü də İspaniyada, məhz Kataloniyada anadan olub. “Barselona”nın futbol akademiyasının yetirməsi olan Balde, “Latsio”da 4 mövsüm forma geyindikdən sonra 2017-ci ilin yayında “Monako” ilə 5 illik müqavilə bağlayıb. O, Seneqal yığmasında 30 oyun keçirib, 5 qola imza atıb.

Keyta Balde daha öncə Seneqalda koronavirusla mübarizə çərçivəsində 17 min avro yardım etmişdi.