“Lənkəran”a texniki məğlubiyyət, Rauf Əliyevə 4 oyunluq cəza verildi
- 06 Mar 2026 18:20
- 59
AFFA İntizam Komitəsi bir neçə kluba texniki məğlubiyyət verib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Fevralın 26-da keçirilməli olan "Sabirabad" – "Olimpik Sabirabad" matçı meydan sahiblərinin heyətində yetərsay olmadığı üçün baş tutmayıb. Bu səbəbdən "Sabirabad"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Martın 1-nə təyin edilən "Mərcanlı" – "Murov Kəlbəcər" oyununa qonaq komanda gəlmədiyi üçün Kəlbəcər təmsilçisi eyni cəza ilə üzləşib.
Aşağı yaş qrupları üzrə liqalarda da qayda pozuntuları qeydə alınıb. U-15 Liqasında fevralın 28-də keçirilməli olan ROFM – "Xocalı" oyununda ev sahibi komanda təcili tibbi yardım və ya həkim briqadasını təmin etmədiyi üçün ROFM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında isə "Ərgünəş" (Sumqayıt) – "Sunami" (Sumqayıt) matçından sonra "Ərgünəş"in heyətində lisenziyası olmayan futbolçu aşkarlandığı üçün komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Futzal üzrə yarışlarla bağlı da analoji qərarlar çıxarılıb. Martın 5-də keçirilməli olan "Araz-Naxçıvan" – "Lənkəran" oyununa "Lənkəran" komandası, 1-ci Liqanın "Yeni Suraxanı" – "Xan Lənkəran" görüşünə isə "Yeni Suraxanı" komandası təyin olunan vaxtda meydana çıxmadıqları üçün hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
"Qarabağ"ın U-16 komandasının baş məşqçisi Rauf Əliyev isə dörd oyunluq cəzalanıb. Buna mütəxəssisin "Neftçi" ilə oyunun 45+3-cü dəqiqəsində hakimi təhqir etməsi səbəb olub. Birbaşa qırmızı vərəqə alan Azərbaycan millisinin sabiq futbolçusu dörd oyunluq cəza ilə üzləşib.