1990-cı illərin çempionu, bombardiri, üzdə olan futbolçuların biri Rövşən Əhmədovun başının üstünü alan qara buludlar hələ də çəkilmək bilmir.

 

Rekord.az xəbər verir ki, aprelin sonlarında “Kəpəz”in Müşahidə Şurasının üzvü, həm də millət vəkili olan Müşfiq Cəfərovdan işlə təmin olunacağına dair xoş mesaj alan Əhmədov o vaxtdan bu yana gözləmə mövqeyindədi.


Mayın əvvəlindən bu yana sabiq “11 nömrə” ilə üç dəfə əlaqə saxlasaq da, hər dəfə ona söz verildiyini, ən qısa zamanda işlə təmin olunacağını deyirdi. Sonuncu söhbətimiz iyunun 10-da olmuşdu. Elə həmin vaxt Gənclər və İdman Nazirliyindən “idman ustası” adını gözlədiyini söyləmişdi. Çünki məşqçi işləmək üçün ya kateqoriyaya sahib olmalısan, ya da bu ada. Kateqoriya kursları isə pandemiyaya görə uzanır.


Üstündən təxminən üç həftə vaxt ötdüyündən dünən Əhmədovla növbəti dəfə əlaqə saxladıq. Lakin yenə təxminən eyni sözləri eşitdik: “Vallah, elə bir yenilik yoxdu. O gün Müşfiq müəllim zəng vurmuşdu. Danışdıq, vəziyyəti başa saldı. Dedi, sənin işin hazırdı, heç bir problem yoxdu. Sadəcə, rəsmiləşmə karantinə görə yubanır. Bu dəqiqə karantinə görə çox yer bağlıdı, o cümlədən Gəncədəki idman məktəbləri. Müdiriyyətlə danışıb, idman məktəbində məşqçi-müəllim kimi işləyəcəm. Əvvəl adım orda fəhlə kimi gedirdi, indi məşqçi işləyəcəm. Oqtay Abdullayevlə danışmışam, o da karantindən sonra “idman ustası” adının veriləcəyini dedi. İnşallah, gələn həftənin bazar ertəsi, iyulun 6-da dərəcəni götürməliyəm. Əsas karantin başa çatsın, Allahın köməyi ilə həll olunar. Gözləmək problem deyil. Onsuz da 15 ildi kənarda qalmışam, 2-3 ayla heç nə olmaz. Təki axırı yaxşı olsun”. ("Futbol plus" qəzeti)