"Karvan"da nə baş verir, rəhbərlik niyə susur?
- 20:00
- 66
"Karvan" ötən il Premyer Liqaya gələndə çoxları sevindi ki, daha bir bölgə futbol elitamızda yerini tutdu.
Rekord.az xəbər verir ki, əksəriyyət komandanın ən azı elitada yerini qoruyacağını düşünürdü.
Lakin bu, baş vermədi. Yay transfer dönəmində edilən kobud səhvlər komandaya baha başa gəldi. Qışda Füzuli Məmmədovun gəlişi də vəziyyəti dəyişmədi və komanda I Diviziona düşdü. Lakin rəhbərlik bildirmişdi ki, bu, onları həvəsdən salmayacaq, komanda yenidən toparlanacaq, əvvəlki səhvlərdən nəticə çıxarılacaq, "Karvan" yenidən Premyer Liqaya dönəcək. Lakin sonradan gözlənilməz hadisələr baş. verməyə başladı. Öncə Füzuli Məmmədov komandadan ayrıldı. Hansı ki, onunla yola davam ediləcəyi gözlənilirdi, Məmmədov özü də bildirmişdi ki, ambisiyalı komanda qurulsa qalıb işinə davam edəcək. Deməli, o, rəhbərlikdən iddialı komanda qurulması ilə bağlı zəmanət almayıb. Daha sonra bütün aparıcı futbolçular komandanı tərk etdi. İyun ayı sona yaxınlaşsa da, komandanın gələcəyi ilə bağlı heç bir rəsmi açıqlama verilmir. Hətta yeni baş məşqçinin kimliyi də məlum deyil. Füzuli Məmmədovun gedişindən sonra yaşananlarla bağlı klubun idman direktoru Elvin Əjdərli ilə əlaqə saxlayıb fikirlərini öyrənmək istədik. Əjdərli bizə geri dönüş edəcəyini desə də bir həftədir həmin dönüşdən xəbər yoxdur. Nə baş verir, cənablar, bunun bir rəsmi açıqlaması olacaq, ya yox? "Karvan"In taleyindən narahat olan azarkeşləri də düşünmək lazımdı axı.