“Hər yerdə belə “dəli” hesablar olur” – Dambrauskas
- 21:30
- 40
“Sabah” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində bu gün “Qəbələ”nin qonağı olub.
Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub. Litvalı mütəxəssis 90 dəqiqəsi 2:2, əlavə vaxtı da heçə-heçə (1:1) ilə yekunlaşan və penaltilər seriyasında qalib gəldikləri (4:2) oyunu belə şərh edib:
“Hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” bu gün böyük əzmkarlıq göstərdi, böyük ruh nümayiş etdirdi. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib (“Qarabağ”) geridönüş edə bilmişdi. Bu gün də 2:0 hesabı ilə öndə idik. Biz indi təhlillər aparıb bunları araşdırmalıyıq.
Bu, kubok oyunudur. Hər yerdə belə “dəli” hesablar olur. İnanıram ki, neytral azarkeşlər üçün də maraqlı oyun alındı. Öz oyunçularımı da təbrik edirəm.
Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq beşinci dəfə qarşılaşacağıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir. Bakıya qayıdırıq. Beş gün sonra yenə “Qəbələ” ilə oyuna hazırlaşacağıq.
Oyunun ilk hissəsində rəqibə ümumiyyətlə, fürsətlər vermədik. Oyunu nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Qısa müddətdə iki qol buraxmağımızın səbəblərini daha yaxşı təhlil etməliyik.
Yarımfinal barədə düşünmürəm. Heç onun təqvimi belə, açıqlanmayıb. Mənim fikrim qarşıdan gələn “Qəbələ”, “Sumqayıt” və “İmişli” ilə keçiriləcək çempionat matçlarındadır. Bunlardan sonra oturub yarımfinal matçı haqda fikirləşək.
Sözün açığı, xatırlamıram, 2:0, 3:0 öndə olduğumuz hansısa matçlarda rəqib gəlib belə geridönüş etsin. Amma bu, futboldur, istənilən hesab qeydə alına bilər. Onu da deyim ki, bu gün çoxlu səhvlər etdik.
Bu dəli dünyada nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Səhvlərimizdən nəticələr çıxarmalıyıq. Mənim fikrim yalnız və yalnız qarşıdakı oyuna necə bərpa olmağımız yönündədir.
Fikrimcə, keçmişdə nələr olursa, keçmişdə qalmalıdır (“Qarabağ”la oyundan sonrakı insidenti nəzərdə tutur). Biz üzr istədik. Rəqibə böyük hörmətimiz var, inanıram ki, onlar da bizə hörmət edir. Oyun bitdi, nələr olmuşdusa, stadionda da qaldı. Bu, təkcə “Qarabağ”la bağlı deyil, hər yerdə, Avropada da belədir”.