Elxan Səmədov: "Qəbul etdiyimiz hər bir qərarın əsası var"
- 19:12
- 43
"Qəbul etdiyimiz hər bir qərarın əsası var".
Bunu Rekord.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.
Onun sözlərinə görə, “İmişli” klubunun rəhbərliyi tərəfindən İmişli stadionunun Premyer Liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsi səbəbi artıq ictimaiyyətə açıqlanıb: "Ümumiyyətlə, “İmişli” niyə Quba OİK stadionunda oynayır” sualına cavab tapmaq üçün bir az əvvələ qayıtmaq və qlobal məqamlara toxunmaq lazımdır. Bildirmək istərdik ki, klub Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə, ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki “İmişli”, hətta Premyer Liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial Premyer Liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar tam şəkildə göstərilib".
Səmədov bildirib ki, prosesə yanaşma baxımından PFL eyni addımları “Karvan” klubundan da tələb edib: "Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər isə stadionda Premyer Liqa standartlarına uyğunluq baxımından xeyli problemlər yaranmışdı. PFL olaraq, ən adi elementlərə qədər – isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, miks zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub əməl etdi. “Karvan” stadionunun qazonunun FİFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik. Bu gün isə Yevlax təmsilçisi hətta “Kəpəz” klubunun da istifadəsinə imkan yaradıb dəstək olacaq bir məkana sahibdir".
PFL prezidenti çempionatın startı ərəfəsində stadionlarla bağlı durumun fərqli olduğunu xatırladıb: "Qəbələ şəhər stadionundan yerli komanda ilə yanaşı, “Kəpəz”, Şamaxı şəhər stadionundan yerli komanda ilə yanaşı, “Karvan” klubu istifadə edirdi. “Bayıl Arena” Premyer Liqa üçün qəbul olunmadığına, “Kapital Bank Arena”nın qazonu isə hazır olmadığına görə “İmişli” Quba OİK stadionuna üz tutdu. Amma burada ilkin təftiş zamanı xeyli problemlər aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan problemlər daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə “İmişli” 2 oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq “İmişli”yə Quba OİK-də oynamaq icazəsi verildi".
O, "İmişli" ilə birlikdə Quba OİK stadionunun hazır olmasına çalışdıqlarını diqqətə çatdırıb: "Bəli, biz də qəbul edirik ki, hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə, hər oyundan sonra qazonun oyunlara nisbətən hazır olması üçün çalışırıq. Quba OİK stadionunda Premyer Liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra PFL qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb. “Hazırda klubun başqa stadionda oynamaq şansları necədir” sualı isə təhlil olunmalıdır. PFL öz növbəsində, “İmişli”nin bu rəqibinə bu, digər rəqibinə başqa imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandaya ortaq şəraitin yaradılmasına çalışırıq".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İmişli"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra Quba OİK-in stadionunun ot örtüyündən kəskin narazılığını bildirib.