Rekord.az “Neftçi”nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanovun apasport.az saytına müsahibəsini sizə təqdim edir:

 

 

- “Neftçi” Premyer Liqanın XXII turunda “Qəbələ” ilə heç-heçə edərək çempionluq yarışında daha bir zərbə aldı. Qəbələ səfərində qələbəyə nə mane oldu?
- Əslində uşaqlar “Qəbələ”yə qarşı çox yaxşı oynadılar. Sadəcə, nəsə alınmadı. Buna baxmayaraq, komandanın baxımlı oyun sərgilədiyini düşünürəm.

- Milli komandalarla bağlı yaranmış fasilədən sonra komandanız keçirdiyi 2 oyunda ümumilikdə 1 xal toplayıb. Belə demək olar ki, bu fasilə “Neftçi”yə düşmədi?
- Futbolda belə hallar olur. Bunu adi qarşılayıram. Əsas odur ki, komandamız meydanda istənilən oyunu göstərə bilir. Futbolçulardakı o istəyi, əzmi görə bilirik. Bu mübariz ruh qələbələri də özü ilə gətirəcək.

- Liderliyi nəinki “Qarabağ”a verdiniz, hətta artıq 3 xal geri qalmısınız. Çempionluq şansınızın azaldığını düşünmürsünüz?
- Qətiyyən. Mübarizə hələ irəlidədir. Məncə, komanda oyun-oyun düşünməlidir. İlk olaraq “Zirə” ilə qarşıdakı matçı fikirləşmək lazımdır. “Qarabağ” liderliyi ələ keçirə bilər, amma bu o demək deyil ki, biz təslim olmuşuq. Ümumiyyətlə, son illər belə maraqlı mövsüm olmamışdı. Bu il həm qızıl medal, həm də avrokuboklara vəsiqə uğrunda gərgin yarış gedir. Fikrimcə, sona qədər də belə davam edəcək.

- “Neftçi” ötən mövsüm də qış fasiləsindən sonra liderliyi əldən verdi və “Qarabağ”a çatmaq mümkün olmadı. Sanki eyni ssenari yaşanır...
- Bəli, keçən mövsüm ikinci yarıda liderliyi əldən verdik. Ancaq bu dəfə daha güclü “Neftçi” izləyirik. Fikrimcə, hələ heç nə itirməmişik. Hətta deyərdim ki, hər şey öz əlimizdədir. Son matçların hamısında qalib gəlsək, “Qarabağ”ın nəticələri bir önəm daşımayacaq.

- Çempionluq şansınız faiz etibarilə nə qədərdir?
- Hesab edirəm ki, çempionluq şansımız 70-80 faizdir. Üç xal geridə olsaq da, favorit hələ də “Neftçi”dir. Çünki son turda “Qarabağ”ı öz meydanımızda qəbul edəcəyik. Futbolçularımız son vaxtlar bu rəqiblə oyunları üstün keçirir. “Qarabağ” isə bizə qarşı zəif oynayır. Bütün bunları göz önünə gətirsək, çempionluq yarışında favorit bizik. Bunun üçün ilk növbədə son tura qədər xal itirməməliyik. Nəhayət, çempion olub əvvəlki əzəmətli “Neftçi”ni qaytarmaq istəyirik. Futbolçularımızda da bu potensialı və istəyi görürəm.

- “Neftçi”nin ötən ay heyətinə qatdığı Keysuke Honda “Qəbələ” ilə görüşdə ilk dəfə start heyətində meydana çıxdı. Yaponiyalı bu yarışda sizə əlavə güc qatacaq?
- Hondanın keyfiyyəti göz önündədir. Uzaq məsafədən əla zərbələr vura bilir, komanda yoldaşlarına ideal ötürmələr verir. Yeganə çatışmazlığı istənilən qədər sürətli olmamasıdır.