“Bizdən aşağıda olan komandalardan heç nə ilə fərqlənmirik”
- 08 Mar 2026 18:31
- 54
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 23-cü turunun “İmişli” ilə ev matçından sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, qolsuz bərabərliyi belə şərh edib:
“Sıx qrafikdə oynayırdıq, son matçda üzücü məğlubiyyət də almışdıq. Futbolçular psixoloji tərəfdən yorğun idilər. Buna baxmayaraq, yorğun halda bu gün 90 dəqiqə yaxşı mübarizə apardıq. "İmişli" çempionatda ən çox bərabərə qalan komandadır. Rəqibi oynamağa imkan vermirlər, özləri də oynamırlar. Qubada da görmüşdük, burada da gördük. Yorğun olsaq da, mühüm xal qazandıq. Çünki çempionatda həm yerimizi qorumalıyıq, yuxarı pilləyə də şansımız var. Mübarizə davam edir. Komandanı təbrik edirəm. Qarşıdakı matçlara baxacağıq.
Futbolçularıma da demişəm, komandanın birinci məqsədi Premyer Liqada qalmaq idi. Çünki klub böyümək istəyirsə, Premyer Liqada qalmalıdır. Bəlli büdcəmiz var. Bizdən aşağı olan komandalardan heç nə ilə fərqlənmirik də, deyək ki, hansısa üstünlüyümüz var, böyük bazamız var, böyük komandayıq. Bilirsiz ki, Premyer Liqaya çıxdıqdan sonra 2-ci ilimizdir. İkinci ildə aşağı pillə həyəcanı yaşamamaq, gənclər, yeni legionerlər… Məncə, yaxşı nəticələrdir. İkinci dövrədən də stabil olaraq yerimizdəyik. Kubokda hədəf var idi. Amma "Qarabağ" çox güclü idi. Bəlkə də bir az təcrübə, rotasiya üçün geniş heyət olsaydı, daha yaxşı oynamaq olardı. Bundan sonrakı özümüz və futbolçuların gələcəyi üçün böyük motivasiyadır. Hər oyunda mübarizə aparacağıq”.