Bakıda minifutbol üzrə dünya çempionatı start götürüb.


Rekord.az xəbər verir ki, ilk gündə 8 matç keçirilib.


Milli Gimnastika Arenasında baş tutan mundialın açılış oyununda Çad və Fransa yığmaları üz-üzə gəliblər. B qrupunun görüşündə avropalılar 1:0 hesablı qələbəyə seviniblər.


Ardınca meydança Türkiyə və Macarıstan seçmələrinin ixtiyarına verilib. Qarşılıqlı hücumlar şəraitində keçən C qrupunun görüşündə qalib müəyyənləşməyib - 1:1.


Turnirin üçüncü qarşılaşması D qrupuna təsadüf edib. Burada azarkeşlər Portuqaliya və Bolqarıstan millilərinin oyununa şahidlik ediblər. Matç birincilərin 3:1 hesablı qələbəsi ilə bitib.


Ardınca mundialın ilk böyükhesablı qələbəsi qeydə alınıb. Ukraynaya 4 cavabsız qolla qalib gələn İngiltərə C qrupunda liderliyi ələ keçirib.


Yarışda tarixə keçə biləcək nəticələrdən biri D qrupunda yaşanıb. Burada Hindistan seçməsi üzərində 15:0 hesablı qələbə qazanan Slovakiya dünya çempionatında iddiasını ortaya qoyub.


Mundialın açılış mərasiminin ardından Azərbaycan millisi A qrupunda ilk oyununa çıxıb. Bəhreynlə qarşılaşan yığmamız hesabı açan tərəf olsa da, nəticəni qoruya bilməyib - 1:1. Bununla da, Elşad Quliyevin rəhbərlik etdiyi milli mundiala xal itkisi ilə start verib.


Yeddinci görüşdə Rumıniya və Özbəkistan kollektivləri güclünü ayırd etməyə çalışıblar. B qrupunun oyununda 2:1 hesabı ilə qalib gələn rumınlar 3 xalı aktivlərinə yazdırmağı bacarıblar.


Günün bağlanış qarşılaşmasında Mavritaniya və Sloveniya futbolçuları münasibətlərinə aydınlıq gətiriblər. Azərbaycan millisinin yer aldığı A qrupunda mübarizə aparan kollektivlərin duelində qalib müəyyənləşməyib - 1:1.


Mundialın ikinci günündə daha 8 qarşılaşma reallaşacaq. Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.