Azərbaycanı sevən isveçrəli: "Zubirlə birlikdə oynamaq yaxşı olar" - MÜSAHİBƏ
- 11:00
- 55
"Şamaxı"nın isveçrəli hücumçusu Kərim Rossi "İmişli" ilə 0:0 başa çatan oyundan sonra Rekord.az-a müsahibə verib:
- Əvvəlcə “İmişli” ilə oyun barədə danışaq. Sizin üçün oyun çətin keçdi, sanki yorğun idiniz…
- Çətin oyun olacağı bilirdik. 3 gün əvvəl “Qarabağ”la kubok oyunumuz olmuşdu. Bərpa olunmaq üçün vaxt az idi. Həmçinim bilirdik ki, “İmişli”də çətin və müdafiədə möhkəm komandadır. Onlara oynamaq da çətindir. Bütün bu məqamlar oyunumuza təsir etdi.
- “Qarabağ”la kubok oyunun son anında kritik penalti qaçırdınız, həmin anın təsirindən çıxa bilmisiniz?
- Penalti vurmaq bir hücumçu üçün böyük məsuliyyət deməkdir. Vura bilmədiyim üçün məyus idim. Bu məsuliyyəti götürəndə hər şeyi gözə alırıq. Bəzən qol olur, bəzən fürsət qaçır. Hücumçu həyatı belədir. Ötən həftə “Neftçi” ilə oyunda son dəqiqədə penaltini dəqiq yerinə yetirə bilmişdim. Bəzən belə hallar baş verir. Amma “İmişli” ilə oyunuma heç bir pis təsiri olmadı.
- Entoni Qordondan sonra “Qarabağ”a ən çox qol vuran (red - 3 qol) futbolçusunuz. Bu görüşlərə xüsusi hazırlaşırsınız, yoxsa hansısa prinsipial məqam var?
- (Gülür). Böyük komandalara qarşı oynamaq hər zaman yaxşıdır. Qol vurmaq mənim işimdir. “Qarabağ”a qarşı da işlərim yaxşı getdi, ona görə bu qədər qol vura bildim. Hücumçu kimi də çalışdım ki, bütün oyunlarda qollar vurum. Belə davam etməyə çalışacam.
- “Şamaxı”da özünü yaxşı tərəfdən göstərə bildiniz, diqqətləri üzərinizə cəlb etmisiniz. Mövsümün sonunda yeni müqavilə imzalayacaqsınız, yoxsa başqa təklifləri dəyərləndirəcəksiniz?
- Hal-hazırda bütün diqqətimi “Şamaxı”ya yönəltmişəm. Mövsümü yaxşı bitirməyə fokuslanmışam. Fikrim ancaq komandamladır. Maraqlananlar ola bilər, amma başqa söz demək istmirəm.
- Belə deyək, Azərbaycanda özünü necə hiss edirsiniz? Qalıb oynamaq istəyirsiniz?
- Azərbaycanı sevirəm. Mədəniyyəti, insanları gözəldir. Futbol da, Liqa da çox yaxşıdır. Burada qalıb oynamağa davam edə bilərəm.
- Azərbaycanda “Şamaxı”dan savayı oynamaq istədiyiniz xüsusi klub varmı?
- Hər hansı xüsusi seçim yoxdur. Dostum Abdulla Zubir “Qarabağ”da çıxış edir. Onunla birlikdə oynamaq yaxşı olar. Amma ümumi olaraq xüsusi seçimim yoxdur. Bakıda oynamaq daha yaxşı variant olar.
- Şamaxıda özünüzü necə hiss edirsiniz? Bura Bakıdan fərqlənir. Qışda daim soyuq və qar olur. Ailəniz və onun üçün darıxdırıcı deyil?
- Təbii ki, ailəmlə olduğum üçün burada biraz çətindir. Lakin klub tərəfindən Şamaxıda bütün şərait təmin olunub. Hər hansı problem yoxdur. Təbii ki, Bakı şəhər olaraq daha yaxşıdır. bu, müzakirə olunmazdır. Meydanda yaxşı oynadığım müddətdə mənim üçün problem yoxdur.
- Məsafənin yaxınlığından istifadə edərək istirahət günlərində Bakıya gedirsiniz?
- Fürsət və istirahət olanda 1-2 günlük ailəmlə Bakıya gəzməyə, istirahət etməyə, mental olaraq bərpa olunmağa gedirik.
Anar XANLAROV