“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, o, 6:0 hesablı qələbə haqda bunu deyib:


“Bu gün stadionda xeyli sayda qadın azarkeş var idi. Onlara təşəkkür edirəm və can sağlığı arzu edirəm.


Oyuna gəldikdə, yaxşı oyun oldu, hücumlarımız yaxşı alındı. Futbolçularımız yavaş-yavaş özlərinə gəlməyə başlayırlar. Lakin narazı qaldığım anlar da, tələskənliklər də oldu. İnanıram ki, bunlar da bir neçə oyundan sonra qaydasına düşəcək. Futbolçularımı təbrik edirəm. “Araz-Naxçıvan”a da uğurlar arzu edirəm.


Bu gün bu qədər qol vuracağımızı düşünməmişdim. “Araz-Naxçıvan” həmişə baxımlı oyun oynayır. Ümumən götürsək, “Arax-Naxçıvan” bizim üçün heç də asan rəqib olmayıb. 


Futbolçularımın özünə gəlməsinə ehtiyac var. Bu il ən gərgin illərimizdən biri oldu. Bəlkə də qalib gəlməsəydik, bizə bu qədər inam olmazdı. Yalnız gərginlik oldu və sağ olsun ki, futbolçularımız da bu gərginliyə dözdülər. Çempionatımız da asan deyil. Son oyunlar gərgin idi. Lakin artıq daha rahat hazırlaşmağa başlayacağıq, oyunlar arasında aralar olacaq. Qarşıda futbolçularımızın formasını yaxşılaşdırmalıyıq.


Mən vərəqə verilməyin tərəfdarı deyiləm. Belə qalmaqallar da futbolun gözəl hissələrindən biridir. İntriqanın güclənməsi, komandalar üçün belə qalmaqallar bəzən yaxşı olur. O qalmaqal da yerindəcə öz qərarını tapdı. Düşünürəm ki, bu hərəkət kinlə bağlı deyildi, idmanla bağlı ani emosiya idi. Biz də öz yoldaşlarımızla oynadıqda, belə hallar olur. Belə anlar olmasın, lakin olması da futbolun gələcəyi üçün yaxşıdır. 


Komanda artımının hər zaman tərəfdaşı olmuşam. Ümumən böyümək və stabil olmaq üçün mütləq ki, nəyisə qurban verməlisən. Ən azından bu ilki mənfilərə görə, gələn il böyük nöqsanları düzəldə bilərsən. Artım belə olur. Komanda belə formalaşır. Qüsurlar var, lakin bunlar gözləniləndir. Bölgələrdə komandaların sayının çoxaldımasının tərəfdarıyam, bu futbola sevgini artırır”.