“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın “Lokomotiv” (Zaqreb) komandası ilə qarşılaşıb.

“Zirə”nin rəqibi bu oyunda 3 cavabsız qolla qalib gəlib. Təl-Əviv təmsilçisinin heyətində Corce Yovanoviç (6-cı dəqiqə), Enrik Saborit (68) və Eduardo Gerrero (86) fərqlənib.

Yeri gəlmişkən, “Makkabi” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb. Hücumameylli yarımmüdafiəçi Matan Hozezlə 3 illik yeni sözləşmə imzalanıb. “Makkabi”nin öz yetirməsi olan futbolçu geridə qalan mövsümdə 37 matça çıxıb, 6 qol vurub. O, bütövlükdə bu komandada 88 matçda 10 qola imza atıb. 25 yaşlı futbolçu karyerasının ilk illərində “Beytar” (Təl-Əviv), “Hapoel” (Aşkelon), “Bney Yehuda” (Təl-Əviv) və “Hapoel” (Hayfa) klublarında icarədə də oynayıb. Hozez İsrailin U-19 və U-21 yığmalarında da çıxış edib.

“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra səfərdə baş tutacaq.