"Zirə-2"nin baş məşqçisi, millimizin sabiq üzvü Zaur Həşimov "Qəbələ-2" ilə səfər matçından (1:2) sonra Rekord.az-a müsahibə verib:

 

- "Qəbələ-2" ilə oyunda məğlub oldunuz. Baxmayaraq ki, yarım saatdan da artıq bir müddətdə rəqib azlıqda oynadı, həmin ərəfədə hesab arasındakı fərqi də azaltdınız, amma yekunda xal götürə bilmədiniz. Bunun üçün nə çatmadı?

- Uşaqlarımızın ustalıq səviyyəsi. Eyni yaş liqasında oynamalarına baxmayaraq, rəqibin heyətində olan futbolçular daha keyfiyyətli idi. Bu da təbiidir, çünki bizim futbolçuların əksəriyyəri 2005-06-cı il təvəllüdlüdür. Ötən il komandanı götürəndən cavanlaşdırmaya getdik. Bu ildə mövsüm öncəso 2000-2002-03-cü il təvəllüdlü futbolçularla yollarımızı ayırdıq, çünki onları əvəzedici komanda üçün yaşlı hesab edirəm. Əvəzində həm öz akademiyamızda, həm də digər akademiyalardan 2006-cı il təvəllüdlü futbolçular cəlb etmişik. Bu da bu gün təsirini göstərdi. Buna baxmayaraq, başabaş mübarizə aıpardıq, bərabərlik qolunu da vura bilərdik, amma alınmadı.

- O zaman belə başa düşdük ki, gələcəyin komandası qurulur, bu mövsüm üçün konkret hədəf yoxdur...

- Həm baş məşqçi kimi, həm də akademiyanın rəhbəri kimi, heç bir komandanın üzərində təzyiq yaratmırıq. Hədəf əsas komandaya futbolçu yetişdirməkdi. Buna görə də sırf perspektiv gördüyümüz uşaqları komandaya dəvət eləmişik.

- Bu uşaqlar həm U-19, həm də əvəzedici komandada oynayırlar?

- Əgər hansısa futbolçunu U-19-da oynadırıqsa, həmin futbolçunu həmin tur əvəzedicilərin çempionatında oynatmırıq.

- Gələcəyinə böyük ümidlər bəslədiyiniz futbolçular var? Çünki oyunu da canlı izlədik, tez-tez bəsit səhvlərə yola verən yetirmələrinizə görə özünüzdən çıxırdınız, irad tuturdunuz...

- Bilirsiniz, ötürmədə səhv ola bilər, burda qəbahət görmürəm. Mənim üçün əsas problem düşüncədə olan səhvdi. Ən çox ona görə hirslənirdim. Çünki fikir düzgün olmalı, beyin düzgün işləməlidir ki, həmin hücum da uğurla nəticələnsin. 

- Direktor olaraq, "Zirə" Futbol Akademiyasının şəraiti sizi qane edir?

- Belə deyək ki. bu gün sözün əsl mənasında akademiyadan danışırıqsa, bura "Qəbələ"ni aid etmək olar. Bir yerdə qalırlar, bir yerdə məşq edirlər. Bizdə amma bu baxımdan dağınıqlıq olsa da, çalışırıq ki, bütün komandaları daim nəzarətdə saxlayaq. Özüm də gedirəm, köməkçilərim də var, bütün komandaları, oyunları nəzarətdə saxlayırıq. Bizim dövrümüzlə müqayisədə indi futbolçuların şəraiti daha yaxşıdır. Təbii ki, istərdik ki, daha yaxşı olsun. Amma hazırkı vəziyyətdə belə, futbolçuların inkişafının qabağını alacaq ciddi maneə yoxdur. 

- Ümumi götürsək, uşaq futbolunun durumu nə dərəcədə sizi qane edir, aşağı yaş qruplarından ibarət liqaların vəziyyəti necədir?

- Deyim ki, aşağı liqaların səviyyəsi ildən-ilə aşağı düşür. Ötən həftə bizim U-19-la "Neftçi"nin U-19-nun oyununa baxdım, sanki ötən ilin U-17 liqasına bənzəyir, ötən ilin U-16 liqasına bənzəyir. Sanki get-gedə futbolçular cılızlaşır. Həm oyun planında, həm düşüncə tərzində, həm atletik baxımdan. Belə deyək, talantlarımız itməyə başlayır. Bu isə bizim üçün ciddi siqnal olmalıdır və mütləq tədbirlər görməliyik.

- Nə təklif edərdiniz?

- Akademiyalara sıfırdan fikir verməliyik. Psixoloji, fiziki, taktiki, texniki, atletik hazırlıqları kompleks şəkildə inkişaf etdirilməlidir. Düzdür, Avropada bu gün elə şeylər var ki, bizdə onu tətbuq eləmək olmur. Məsələn, İspaniyada 9 yaşlı futbolçular həftədə iki dəfə gündə iki dəfə olmaqla məşqə çıxırlar və həmin məşqlərin də ikisi fitnss məşqləri olur. Bizdə bilmirəm neçə komanda həftə ərzində neşə dəfə fitness məşqinə çıxır.

- Milli komandaların baş məşqçiləri "Zirə" Futbol Akademiyasının komandaları ilə maraqlanır?

- Bəli, həm U-19, həm U-17, həm də keçən il U-16 millilərinin baş məşqçiləri mütəmaddi olaraq bizimlə əlaqə saxlayırdılar, gəlib oyunlarımıza baxırdılar.

- Sabiq milli üzvü kimi milli komandanın hazırkı durumu haqda da fikirlərini bilmək maraqlı olardı...

- Bunu hamı, bizlər də, sizlər də qeyd edirsiniz ki, hazırkı millidə yer alan futbolçular istedadlı, talantlı futbolçulardı. Əfsuslar olsun ki, neçə illərdi bunu deyirik, amma gəlmə məşqçilərlə də bunları itiririk. Mən həm futbolçu, həm də məşqçi kimi 3 federasiya rəhbəri görmüşəm. Hər zaman da fikirim bu olub ki, bizim milliyə yerli məşqçi daha çox fayda verər. Biz klass olaraq, ustalıq olaraq, digər milliləri üstələyə bilmərik. Üstələmək üçün milli ruh olmalıdı. Asiya kubokunda Taciqistanın çıxışına baxıram, onlar nə qazandılarsa, motivasiyanın hesabına qazandılar. Bunu da millidə ancaq yerli məşqçi aşılaya bilər. 

 

Anar XANLAROV