“Sumqayıt” – “Şamaxı” matçını izləyənlər arasında “şirlər”in İdarə Heyətinin sabiq sədri Zaur Axundov da var idi. Fürsətdən istifadə edib oyunun fasiləsində Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü ilə söhbətləşdik.

 



- Uzun fasilədən sonra sizi yenidən stadionda, "Sumqayıt" - "Şamaxı" oyununda görmək bir qədər təəccüblü oldu...

- Niyə (gülür)?

- Çünki "Keşlə" artıq "Şamaxı"dı və siz də klubdan ayrılmısız.

- O, bir tarix idi, bitdi. Həmin səhifələri artıq başa vurmuşuq. Mən AFFA İcraiyyə Komitəsinin üzvüyəm. Ona görə də oyunlara getməyim də normaldı.

- "Şamaxı" ilə "Keşlə"ni müqayisə etmək olar?

- İki komanda arasında fərq çoxdu. "Şamaxı"da gənclərə üstünlük verilib. Təbii ki, onlara da vaxt lazımdı. Təcrübələri olmasa da, meydanda qaçırlar, mübarizə aparırlar. Bəziləri vaxtilə bizdə əvəzedici heyətdə oynayan uşaqlardı. Hiss olunur ki, güc, istək var. Üzərlərində peşəkar məşqçi işləməlidi ki, qısa zamanda daha da püxtələşsinlər.

- Son zamanlar mətbuatda "Şamaxı" ilə aranızda narazılıq yarandığı və bu səbəbdən də futboldan küsdüyünüz deyilirdi. Zaur Axundov futboldan küsüb?

- Belə şey yoxdu. Heç bir narazılıq baş verməyib. Futboldan küsməmişəm. Futboldan küssəydim, bu gün stadiona gəlməzdim, heç futzalda da qalmazdım. Minimum 2024-cü ilə kimi AFFA İcraiyyə Komitəsinin üzvüyəm.

- Gələcəkdə təklif olsa, sizi yenidən hansısa futbol klubunda rəhbər vəzifədə görə bilərik?

- Hələlik bütün diqqətimizi futzala yönəltmişik. Etiraf edim ki, 5 il ərzində "İnter" və "Keşlə"də olanda bir az futzal diqqətdən kənarda qaldı. Düzdü, bir gözüm orda idi, maraqlanırdım. Amma fikirləşirəm ki, "Araz Naxçıvan"a və milliyə diqqət bir qədər az oldu. Bu da nəticələrdə sözünü dedi, milli və "Araz Naxçıvan" bir qədər gerilədi. Hazırda məqsəd yenidən Azərbaycan futzalını yüksək səviyəyə qaldırmaqdı.

- Futzaldan söz düşmüşkən, "Araz Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqov “Football-plus.az” saytına açıqlamasında demişdi ki, bu il komandanın qarşısına qoyulan məqsəd minimum Çempionlar Liqasında "dördlər finalı”nda oynamaqdı…

- Bəli, elədi. Bunun üçün "Araz Naxçıvan" güclənib. Yaxşı transferlər reallaşdırmışıq. Komandaya güclü legionerlər dəvət olunub. Məqsəd məhz yenidən "dördlər finalı”na vəsiqə qazanmaqdı.

- Yay fasiləsində "Araz Naxçıvan"a 7 legioner dəvət olundu. Bu, qarşıya qoyulan məqsədə çatmaq üçün kifayət edəcək?

- Düşünürəm ki, bəli. Yeni transferlərin əksəriyyəti gənclərdi. 21, 22, 23 yaşları var. Amma komandaya fayda verəcəklərinə əminəm. Düzdü, bir qədər gec yığışmışıq. Komanda avqustdan hazırlığa başlayıb. Ona görə də bir qədər vaxt lazımdı.

- "Araz Naxçıvan"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri Bosniya və Hersoqovina “Mostar”ı, İsveç “Orebro”su və Serbiya “Loznika Qrad”ıdı. Şansları necə dəyərləndirirsiz?

- Rəqiblər heç də zəif deyil. Ümumiyyətlə, futzalda artıq zəif komanda yoxdu. Ona görə də ciddi hazırlaşıb, bu mərhələni mütləq keçməliyik. Bu qrupu birinci yerdə bitirməliyik. ("Futbol plus")