Yığmamızın 4 boksçusu AÇ-də mərhələ adladı
- 2022-08-13 16:15
- 523
Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinə start verilib.
Rekord.az xəbər verir ki, 28 ölkədən 378 idmançının qatıldığı və 10 gün davam edəcək yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü mübarizəyə başlayıb.
60 kq çəkidə gücünü yoxlayan Kənan Aslanlı debüt qarşılaşmasında macarıstanlı Roland Banqonu sınağa çəkib. Təmsilçimiz ilkin mərhələdə rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb.
Nicat İmanovun (66 kq) da ilk döyüşü uğurlu alınıb. O, Yurac Tutundziçi (Xorvatiya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı məğlub edib.
Əli Məmişov (70 kq) Avropa birinciliyinə Orestas Staponkusla (Litva) qarşılaşma ilə başlayıb. Boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə sayəsində mərhələ adlayıb.
Əmir Abasov (80 kq) isə Artyom Bedjunovu (Estoniya) mübarizədən kənarlaşdırmaqda çətinlik çəkməyib – 5:0 (30:26, 30:26, 30:26, 20:27, 30:26).
İlk gündə rinqə çıxan Ömər Quluzadə (75 kq) Kolin Lottnerlə (Almaniya), Məhəmməd Cəfərov (90 kq) Emils Salmsla (Latviya) döyüşüb. Görüş rəqiblərin qələbəsi ilə başa çatıb.
Azərbaycan milli komandası Avropa birinciliyinə 22 boksçu ilə yollanıb.