
“Yaxşı nəticə qazanmaq üçün çalışacağıq” - Baxşıyev
- 21:00
- 33
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Omoniya” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin və futbolçusu Çarlz Bolinin iştirakı ilə bu gün oyundan əvvəl mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, Baxşıyev koomandasının sabahkı oyununa hazırlığı barədə bunları söyləyib:
“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyükhesablaməğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq.
Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik.
Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.
Çarlz Boli də yaxşı nəticəyə ümidli olduğunu söyləyib:
“Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı oyunda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq.
Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.