“Yaxşı hazırlıq alındı” – Qurban Qurbanov
- 01:00
- 33
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, komanda günün ilk yarısında Ukraynanın “Xarkov” (2:6), ikinci yarısında isə Macarıstanın “Ferentsvaroş” (0:1) kollektivi ilə qarşılaşıb.
Oyunlardan sonra komandanın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
“Bu gün iki oyun keçirdik. “Xarkov”la birinci matçda daha çox gənc futbolçular çıxış etdilər. Maraqlı, dinamik mübarizə oldu. Xeyli sayda qol epizodları yaratdıq. Günün ikinci matçındakı rəqibimiz “Ferentsvaroş” da çox yaxşı kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq. Pis alındığını deyə bilmərəm. Təbii ki, bir neçə gün vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Komandamızda kifayət qədər dəyişikliklər edilib. Oyunçuların bir yerdə olmalarına ehtiyac var idi. Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi. Oyun planı üzərində çalışmağa davam edəcəyik. Ümumilikdə yaxşı hazırlıq alındı. Futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib oyunlar olacaq. Oyunçuları bu müddətdə yaxşı idman formasına salmağa çalışacağıq”.