Növbəti mövsüm I Divizionda mübarizə aparmaq istəyən «Xan Lənkəran», deyəsən, xərclərini minimuma endirməyə başlayıb.

Rekord.az xəbər verir ki, Region Liqasının ən böyük büdcəli iştirakçısı maliyyə sarıdan problemlərlə üzləşib.

Cənub komandasının gəlmə futbolçuları və baş məşqci İbrahim Uzunca Lənkəran Olimpiya İdman Kompleksinin bahalı və yeni otelini tərk edib.

Hazırdas onlar şəhərin ən ucuz otellərindən «Səda»da yerləşdirilib. Hansı ki, ikimərtəbəli bu məkanda daha çox ərzaq firmalarının nümayəndələri qalır.

Yaranmış bu çətinlik, böyük ehtimalla, Rusiya və Ukrayna arasında davam edən müharibə ilə əlaqədardır.

Bilindiyi kimi, klubun prezidenti Pərviz Hüseynov Rusiyada yaşayır və biznes fəaliyyəti də ora ilə bağlıdır. İş adamının qonşu ölkədən Azərbaycana pul göndərməsində maneələr əmələ gəlib.

Səbəb odur ki, Avropa İttifaqı (Aİ) Rusiyanın 7 bankını SWIFT sistemindən ayırıb. Sözügedən banklar “VTB”, “Rossiya”, “Otkrıtie”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “VEB.RF”dir.

Bundan əlavə, bir neçə istisna olmaqla, Rusiyaya avro banknotları göndərmək və yaxud ixrac etmək də qadağan edilib.

Aİ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Ukraynadakı vəziyyətlə əlaqədar olduğunu bildirib. (sportinfo.az)