Xaçmaz rayon UGİŞM-də Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş şahmat idman növü üzrə “Zəfər Kuboku” keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Turnirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayon sektorunun müdiri Elman Məmmədov, sektorun baş məsləhətçisi Azad Şeydayev, Xaçmaz rayon UGİŞM- direktoru Nəriman Babayev və tədbirdə qonaq qismində iştirak edən qazilər çıxış edərək iştirakçıları 8 noyabr - Zəfər Günü münasibəti ilə təbrik edərək idmançılara yarışda uğurlar arzulamışlar.

Tədbirin bədii hissəsində istedadlı məktəblilərin iştirakı ilə rəqs və mahnılar ifa olundu. Sonra isə oyunlara start verildi.

Turnirə qatılmış 60 şahmatçı müxtəlif yaş kateqoriyalı olmaqla 5 qrupda (3 qrup oğlanlar,2 qrup qızlar) qalib adı uğrunda mübarizəyə başladılar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılmışlar.