Hazırda "Region Liqası"nın Cənub zonasında mübarizə aparan Masallının "Viləş" komandası turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və lider "Biləsuvar"dan cəmi 1 xal geri qalırlar.

Lakin Rekord.az xəbər verir ki, Masallı təmsilçisinin ehtiuatda bir oyunu var və bunu da nəzərə alsaq, komanda potensial liderdi.

"Viləş" tarixi olan klubdu, bir vaxtlar ölkə çempionatında iddialılardan olub, çempion olmasa da, iki dəfə ölkəmizi İntertoto yarışlarında təmsil edib. Bəs hazırkı "Viləş"in hədəfi nədir, komanda uğurlu çıxış fonunda II Liqaya vəsiqə qazansa, hədəflər böyüyəcəkmi, komandanın infrastrukturu buna imkan verəcəkmi? Suallarımızı "Viləş"in prezidenti Mirələm Həşimova ünvanladıq və onun fikirlərini sizə də təqdim edirik: "Bəli, hədəfimiz II liqaya vəsiqə qazanmaqdı. İstəyirik ki, "Viləş" PFK ilə böyük futbolu yenidən Masallıya qaytaraq. Hazırda "Region Liqası"nın Cənub zonasında ehtiyatda bir oyunumuz olmaqla, 2-ci pillədəyik. Məqsədimiz qrupdan lider kimi çıxıb yolumuza davam etməkdi. İnfrastrukturumuzu da II liqaya uyğunlaşdırmağa çalışırıq. Ev oyunlarımızı keçirdiyimiz "Anatoli Banişevski adına" stadion hazırda şəxsi mülkiyyətdədir. Sağ olsun sahibi, burda məşq və oyunlarımızı keçirmək üçün təmənnasız ixtiyarımıza verib. Söz verib ki, əl də gəzdirəcək. AFFA-nın baş katibi Cahangir Fərəcullayev də burda olub, FİF-in sədri Tural Piriyev də. Onlarla da söhbətimiz olub. Burda alınmasa, ehtiyat variant kimi bir kənd stadionu da var, əl gəzdirib orda da oynaya bilərik. Yəni dayanmırıq, imkan daxilində çalışırıq ki, II liqaya hər mənada hazırlıqlı olaq".