Sədərək Rayon Mərkəzi Stadionunda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi reallaşıb.

Rekord.az xəbər verir ki, yarışda 4 komandadan ümumilikdə 20 məktəbli iştirak edib. Məktəblilər 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma, turnikdə dartınma üzrə öz qüvvələrini sınayıblar.

Nəticələrə əsasən Dəmirçi kənd tam orta məktəbinin komandası birinci yerə sahib çıxmaqla final mərhələsində Sədərək rayonunu təmsil etmək hüququ qazanıb. Sədərək kənd 2 nömrəli tam orta məktəbi ikinci, Heydərabad qəsəbə tam orta məktəbi üçüncü olub.

Yarışın məqsədi çağırışyaşlı və çağırışaqədərki gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, vətənpərvərlik hisslərinin aşılanması və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.