Vaqif Cavadov: "Hələ ki, sistem olaraq nəyisə dəyişməyi düşünmürəm" MÜSAHİBƏ
- 16 Okt 2024 11:21
- 607
"Sumqayıt"a müvəqqəti baş məşqçi təyin olunmuş Vaqif Cavadov Rekord.az-a müsahibə verib:
- Vaqif, öncə yeni təyinat münasibəti ilə təbrik edirik. Başlayaq ilk təəssüratından...
- Əvvəla, klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə inanıb bu məsuliyyətli postu tapşırıblar. Düşünürəm ki, futbolçu karyeram, eləcə də məşqçi karyeram imkan verir ki, bu gün baş məşqçi kimi də özümü sınayım. Ümumilikdə komandanın durumu pis deyil. Samir Abasov çox güclü məşqçidir. Deyərdim ki, Azərbaycanın ən güclü məşqçilərindən biridir, baxmayaraq ki, komanda hazırda elə də yaxşı durumda deyil, amma "Sumqayıt" üçün çox işlər görüb. Ola bilər, hansısa məşqçi üçün komandada müəyyən çatışmayan, dəyişmək istədiyi cəhətlər olsun, amma ümumilikdə komandanın potensialı var. İstədiyimiz nəticəyə nail olmaq üçün vaxt lazım olacaq. Məndə bu vaxt var, amma komandanın vaxtı yoxdur. Çempionatda artıq ikinci dövrə başlayıb, bizdən geridə yalnız iki komanda var, "Neftçi" və "Kəpəz". Onlar da iddialıdır. Biz də həmçinin. Yaxşı mübarizə gedəcək, komandaya inanıram və buna görə də dəvəti qəbul etdim.
- Qarşıya qoyulan hədəf nədi, Premyer Liqada qalmaq?
- Məncə, "Sumqayıt" Premyer Liqada qalmaq uğrunda mübarizə aparmır axı. Sumqayıt böyük bir şəhərdi, iddialı şəhərdi, istər Samir Abasov, istər də Vaqif Cavadov hər zaman iddialı olub və inanıram ki, bu sistem davam edəcək. Bu futboldu. Nəticə bu gün də ola bilər, sabah da. Ən əsas olan klubun, futbolçunun daha da inkişafıdır.
- Hər baş məşqçisinin öz futbol fəlsəfəsi var. Vaqif Cavadov hansı oyun tərzini, sistemini "Sumqayıt"da tətbiq etmək fikrindədir?
- Birdən-birə nəyisə dəyişdirmək düzgün olmaz. Çünki Samir Abasovun seçdiyi futbolçular neçə ildir burdadır. Vaqif Cavadov gəlib birdən-birə burda "Amerika açsın", yox, elə olmayacaq. Mənim də sistemim hardasa Samir Abasovun sisteminə oxşardı və bu sistemdə də qalacayıq. Sadəcə, bəzi dəyişikliklər olacaq, hansısa futbolçu ilə bağlı, yaxud hücum xətti ilə bağlı. Amma sistem olaraq nəyisə dəyişməyi düşünmürəm. Çünki indiki halda bu, doğru olmazdı.
- Premyer Liqada baş məşqçi kimi debüt oyunun doğma publika önündə olacaq. "Turan Tovuz"la oyun öncəsi azarkeşlərə hansı mesajı vermək istərdin?
- Sumqayıt azarkeşləri futbolçu kimi burada oynadığım dönəmdə də məni dəstəkləyiblər. Eləcə də millidə oynayanda. Təbii, həm də ən çox tənqid olunan futbolçulardan da olmuşam (gülür). Bu gün isə onların dəstəyinə ehtiyacım var. Mənim keçdiyim yol, məktəb əziyyətli olub, inanıram ki, bu günə kimi bunu qiymətləndirən azarkeşlər bundan sonra da qiymətləndirəcək. Ola bilər ki, səhvlərim olsun. Bu, normaldı. Mən də məhz bu cür böyüməliyəm. İnanıram ki, həm sizlər, həm də azarkeşlər "Sumqayıt"da yaxşı bir oyun görə biləcək. Bir sözlə, öz oyunumuzla azarkeşləri stadiona cəlb etmək üçün əlimizdən gələni edəcəyik. "Turan Tovuz"la oyunda da onları stadiona çağırıram, onların dəstəyi bizim üçün çox vacibdir. Qoy bilsinlər ki, bu günə qədər 12 saat çalışırdımsa, bundan sonra 24 saat çalışacam ki, həm onların, həm də klub rəhbərliyinin etimadını doğruldum.