Premyer Liqada 10-cu tur geridə qaldı. Öyrəndik ki...


- əla çempionatımız var. Liderlər qrupunda elə sıxlıq yaranıb ki, büdrəyən istənilən komanda xeyli geri düşə bilər. İlk 6 pillə cəmi 6 xallıq diapazona yerləşib. İntriqa ən yüksək səviyyədədir.


- paytaxtda matç olmadı. Axırıncı dəfə belə şeyin nə vaxt olduğunu bilmirəm, amma futbol elə regionlarda gözəldir. Tovuz və Gəncə tribunaları liqanın bəzəyidir, onlarsız bu yarışın heç bir ləzzəti olmaz.


- "Turan" Berdıyevin rəhbərliyi altında yaxşı futbol oynadı" cümləsini qurmaq üçün xeyli gözləmək lazım gəldi. Özü də son çempion "Sabah"la matça qədər. Tovuz təmsilçisi 90 dəqiqəyə yaxşı, sürətli və basqılı başladı, qollar vurdu, sonrasını da doğru şəkildə idarə edərək gözəl qələbə qazandı. "Turan" çempionluq mübarizəsindən qopmadı, yarışın içindədir.


- Tovuzdakı matçda hamı Daşdəmirovun səhv etdiyini yazdı, amma heç kim Puxaçın bərbad oynadığını, oyunu konkret yola verdiyini qeyd eləmədi. İlk qolda Zedadka inamsız oynadı, 2-cidə isə Nvaçukvunun yanlışı üzündən əks-hücum oldu və sonrasında tor silkələndi. Mən Rəhmanın böyük futbolçu olduğunu demirəm, sadəcə haqqı da danışmalıyıq.


- "Kəpəz"in 5-ci pilləyə qədər yüksəlməsi Azər Məmmədovla gəncəli azarkeşlərin əla tandeminin nəticəsidir. Komanda həm evdə, həm də səfərdə uğurlu çıxış edir. Ancaq hər şey hələ indi başlayır. Qarşıdakı 3 turda "Neftçi", "Qarabağ" və "Turan"la oyunlarda komandanın əsl möhkəmliyi yoxlanılacaq. Amma azarkeşlər səbrli olmalıdırlar. Hətta 3 məğlubiyyət olsa belə üz döndərməməli, dəstəyi azaltmamalıdırlar. Onsuz klubun maddi gücü böyük deyil, hazırkı nəticələr də potensialdan yuxarı çıxış etmək deməkdir.


- "Qəbələ" toparlanıb. Bekiri ilk gəldiyində liqamıza yüngülcə yuxarıdan-aşağı baxaraq rahat davranmış, əvəzində 2 oyuna qapısında 8 top görüb ayılmışdı. İndi həm balanslı oyun var, həm də baxımlı. Yeton yaxşı, təcrübəli məşqçidir, komandasını daha yaxşı yerlərə daşıya biləcək.


- "Neftçi" liderdir. Çətin, anormal süni örtüklü səfərdən qələbə ilə qayıdan "ağ-qaralar", sabit qrafik cızır, lazımi nəticələri əldə edir. Qapı və müdafiədəki problemləri ön xətdəki məhsuldarlıq kompensasiya edir. Qışda bu mövqelərə transferlər edilərsə, klub 90 illiyində arzuladığı qızıl medallara qovuşa, 2-ci ulduza sahib çıxa bilər.


- "Qarabağ"da yenidənqurma davam edir.


- Sabah təmsilçimiz ağır Norveç səfərində meydana çıxacaq. Ağır qarşılaşmadır. Çempionumuza uğurlar diləyək!