
Ukrayna Rusiyanın Avro-2024-dən kənar saxlanılmasını tələb edir
- 15 Sen 2022 17:21
- 396
Ukrayna Futbol Assosiasiyası Rusiyanın Avro-2024-ün seçmə mərhələsinin püşkatmasında iştirakının əleyhinədir.
Rekord.az xəbər verir ki, bu barədə UAF prezidenti Andrey Pavelko danışıb. O Rusiyanın püşkatmada iştirakına mane olmağı tələb etdiklərini bildirib.
“UEFA-nın qərarı yalnız rəsmi yarışlara aiddir. Ona görə də bu, Rusiya futbol funksionerlərinə mümkün yoldaşlıq görüşlərinin keçirilməsi ilə bağlı danışıqlar aparmağa imkan verir. Amma Ukrayna Futbol Assosiasiyası bu cür cəhdlərə səssiz qalmır.
Bəli, bu yaxınlarda biz FİFA və UEFA-ya məktublar yazaraq, noyabrın 19-da keçirilməsi planlaşdırılan Rusiya - Bosniya və Herseqovina matçının ləğvini tələb etmişdik. Hələlik bu oyunla bağlı rəsmi qərar verilməyib. Ancaq matçın baş tutmaması üçün əlimizdən gələni edirik. Oktyabrda keçirilməli olan Serbiya-U17 və Rusiya-U17 qadın komandaları arasında iki yoldaşlıq oyunu ilə bağlı da oxşar tədbirləri görürük.
Biz indi UEFA səviyyəsində də səylər göstəririk. Bunun məqsədi oktyabrın 9-da Almaniyada olacaq Avro-2024-ün seçmə mərhələsinin püşkatmasında Rusiyanın iştirak etməməsini təmin etməkdir".
Qeyd edək ki, Avro-2024-ün final mərhələsi 2024-cü ildə iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.