UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının Birinci Palatası Avropanın 8 təmsilçisini cərimələyib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Qazaxıstanın “Astana” (150 000 avro), Portuqaliyanın “Portu” (300 000 avro), “Sportinq” (250 000 avro) və “Santa-Klara” (75 000 avro), İspaniyanın "Betis" (250 000 avro), Rumıniyanın ÇFR (200 000 avro), Bolqarıstanın ÇSKA (Sofiya, 75 000 avro) və Cəbəllütariqin “Mons Kalp” (15 000 avro) klubları cəzalandırılıblar.

Buna sözügedən klubların vaxtı keçmiş borcların ödənilməsi ilə bağlı tələbə əməl etməməsi səbəb göstərilib.

Yeri gəlmişkən, FİFA da Paraqvayın “Olimpiya” klubunu cəzalandırıb. Buna Asunyon təmsilçisinin Ukraynanın "Dinamo" (Kiyev) klubuna 5.5 milyon avroluq borcunu ödəməməsi səbəb olub. Nəticədə "Olimpiya"ya transfer qadağası qoyulub. Bu qərar göstərilən məğləğ kiyevlilərin hesabına köçürülənə qədər qüvvədə qalacaq. Əks halda, Paraqvay təmsilçisiniə yeni sanksiyalar tətbiq olunacaq və klubun xalları silinəcək.

“Olimpiya” Derlis Qonsalesi transfer edərkən "Dinamo"ya 5.5 milyon avro borcu qalıb. Paraqvay klubu maliyyə problemləri səbəbindən həmin məbləği ödəyə bilmir.