
“Türkiyə millisi Avropa çempionu ola biləcəyini göstərdi”
- 17:00
- 42
Türkiyənin basketbol millisi Latviyada keçirilən Avropa çempionatının qalibi ola biləcəyini göstərib.
Rekord.az xəbər verir ki, bu barədə "Abşeron Lions" klubunun baş məşçqisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlama verib.
Türkiyəli mütəxəssis ölkəsinin komandasının turnirdə finala vəsiqə qazanması barədə danışıb:
"Çox qürur duydum. Yarımfinalda Yunanıstanla görüşdə gözəl oynadılar. Məşqçilər heyətini də təbrik edirəm. Oradakı bəzi oyunçularla çalışmışam. Ən çox Kənan Sipahi və Cedi Osmanla uzun müddət aşağı yaş qrupları üzrə millilərdə işləmişik. Alperen Şengünlə də 15 yaşı olarkən yolum kəsişib, amma bu, çox qısa sürüb. Çox vacib bir məsələ var. Bu komandanın 4 oyunçusu "Banvit"də yetişib. 3-ü əsas heyətdə çox yer alır. Belə bir klubu itirdiyimiz üçün çox təəssüflənirəm".
Toker Türkiyə yığmasının finaldakı şanslarından da söz açıb:
"Türkiyə çempion ola biləcəyini göstərdi. Almaniya da hücumda çox yaxşı kollektivdir. Yarımfinalda müdafiə planında yaxşı oynadılar. Ümid edirəm sonda Türkiyə qalib gələcək. Bütün qəlbimlə millini dəstəkləyirəm".
“Ay-ulduzlular" sentyabrın 14-də, qitə çempionatının finalında Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.