“Trabzonspor” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Norveçin “Rusenborq” klubunun yarımmüdafiəçisi Anders Trondsenlə İspaniyanın “Valyadolid” klubunun hücumçusu Stiven Plazanı transfer edib. Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 

2016-cı ildən Norveç yığmasına da dəvət alan Trondsen, 2017-ci ildən “Rusenborq”un uğurları üçün çalışır. 25 yaşlı futbolçu daha öncə “Stabek” və “Sarpsborq”da da çıxış edib. Trondsen yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Norveçli futbolçu 2020/21 mövsümündə 800 min, 2021/22 mövsümündə 850 min, 2022/23 mövsümündə 900 min, 2023/24 mövsümündə 950 min avro məvacib alacaq. Türkiyə klubu “Rusenborq”un özünə də 950 min avro təzminat ödəyəcək. Trondsenin gələcəkdə başqa bir kluba satışı zamanı da əldə olunacaq gəlirin 10 faizi “Rusenborq”a ödəniləcək.

Ekvadorlu Plaza isə 2019-cu ildən “Valyadolid”də forma geyinir. 21 yaşlı futbolçu artıq Ekvador yığmasına da dəvət alır. “Trabzonspor” onu satınalma şərti ilə 2 illik icarəyə götürüb. Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. “Trabzonspor” “Valyadolid”ə icarə haqqı olaraq 100 min avro ödəyəcək. Futbolçunun özünə 2020/21 mövsümündə 620 min, 2021/22 mövsümündə 670 min avro məvacib veriləcək. Satınalma şərtindən istifadə olunacağı halda, Plaza 2022/23 mövsümündə 750 min, 2023/23 mövsümündə isə 800 min avro maaş alacaq.