Topmöller göndərildi: xeyrimizə, yoxsa əleyhimizə?
- 18:03
- 57
Baş məşqçi Dino Topmölleri "Ayntraxt"dan göndərdilər. Bir tərəfdən yaxşı olmadı, digər tərəfdən bəlkə də yaxşı oldu.
O yaxşı olmadı ki, almanlar bu mütəxəssisin rəhbərliyi altında "hətərən-pətərən" futbol oynayırdılar. Nə eləmək istədiklərini anlamaq olmurdu. Müdafiədə fiasko idilər, ancaq hücuma gedir, aludə olurdular. Çox qol vururdular, çox da buraxırdılar. Xaosa yaxın bir şey. Belə oyun oynayan komandalar üslub olaraq "Qarabağ"a uyğun gəlirdi. Öz qapısında yatmayan, açıq futbol oynayan rəqib Qurban Qurbanovun sevdiyi rəqibdir. Odur ki, Dino müəllim bir oyun da qalıb bizə də uduzub elə Bakıda istefaya göndərilsəydi, əla olardı.
Olardı. Amma olmaya da bilərdi. O qədər belə yazılar yazıb proqnozlar vermişik, axırda səhv çıxıb, ən yaxşı oyunlarını bizə qarşı oynayıb toparlanıblar. Ona görə də gedişatı bilmək olmaz. Bu, Avropa futboludur, ÇL-dir.
Yaxşı da ona görə oldu ki, "Ayntraxt" özünə gəlməyə vaxt tapmayacaq. Əyər-əskikləri düzəltməyə yönəlib, Avropada irəliləmək fikrini ikinci plana ata bilərlər. Onsuz da "Qarabağ"dan sonra "Tottenhem" matçları da var və hər ikisində qalib gəlsələr də pley-offa çıxmaya bilərlər. Ehtimal aşağıdır. Bu səbəbdən Bakıyaqədərki uzun yola geniş heyətlə çıxmaya, zədədən qayıtmaq üzrə olan futbolçularını boşuna yormamaq fikrində ola bilərlər. Onsuz da itkiləri yetərincədir.
Elə burada yadıma düşdü ki, təxminən bu məcrada söhbətlər "Ayaks"la matçdan öncə də eləmişdik. O vaxt da rəqib pis günlərini yaşayırdı, baş məşqçiləri yox idi, çətin vəziyyətdə idilər. Nəticənin necə olduğunu gördük.
Belədir ki, "Ayntraxt" kimi komandalar baş məşqçisiz də qorxuludurlar və bizi yenə bilərlər. Ona görə də çox da şey eləməyək. Bakıya bir alman komandası gələcək və onlara münasibət də ciddi olmalıdır. Düşərgələrindəki durumdan asılı olmayaraq.