
Tanınmış politoloq: "O vaxt Ağdamda oyunları izləyəndə..."
- 17 Sen 2022 15:00
- 482
«Mən hələ o vaxt Ağdamda oyunları izləyəndə, ağlıma da gəlməzdi ki, bir gün gələcək, «Qarabağ» Avropaya bu cür səs salacaq, adlı-sanlı komandaları udacaq».
Rekord.az xəbər verir ki, bu sözlər politoloq Elxan Şahinoğluya məxsusdur.
Əslən Ağdamdan olan ictimai xadim «Qarabağ»ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində «Nant»la keçirdiyi oyundan danışıb.
O, «köhlən atlar»ın Fransa klubuna 3:0 hesabıyla qalib gəlməsini tarixi hadisə adlandırıb:
«Yadıma gəlir, «Qarabağ» Ağdamda Quba «Şahdağ»ı ilə oynayırdı və mən də siadionda idim. «Qarabağ»ın qələbə qazanmasına o qədər sevinirdim ki…
İndi hamı deyir ki, Azərbaycan Premyer Liqası zəifdir, rəqabət yoxdur. Narazılıqlar, şikayətlər çoxdur çempionatın səviyyəsindən.
Çox sevindiricidir ki, «Qarabağ» rəqabətsiz çempionatda oynasa da, uzun illərdir avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır.
«Nant»la oyunu izlədim. «Qarabağ» üç qol vurdu, hələ azı üç qol epizodunu da qaçırdı. Fransa kimi böyük futbol ölkəsinin məşhur komandasına belə böyük hesabla qalib gəlmək, doğrudan da, qəhrəmanlıqdır.
Diqqətlə baxdım, «Qarabağ»ın bütün futbolçuları çalışdı ki, Azərbaycan xalqı üçün həssas bugünlərdə qələbə üçün əlindən gələni etsin.
«Qarabağ»a hazırda Avropanın ortabab klubu gözündə görmək olmaz. «Qarabağ» qitənin ən səviyyəli klublarından biridir artıq.
«Frayburq»la Almaniyada keçirilən oyundan sonra məndə bu qənaət formalaşdı. Bundesliqanın liderinə o cür müqavimət göstərməyi yalnız səviyyəli komanda bacara bilərdi, təəssüf ki, hakimlər xal qazanmağa mane oldu.
Qurban Qurbanov çox təvazökar insandır. Püşkdən sonra demişdi ki, «Nant» qrupun ən təhlükəli komandasıdır.
Amma o, göstərdi ki, «Qarabağ» qrupun ən təhlükəli komandasını darmadağın etməyi bacarır.
Mən əminəm ki, «Qarabağ» qarşıdakı turlarda da öz qələbələri ilə Azərbaycan xalqını sevindirməyə davam edəcək».