"Sumqayıt" ciddi dəyişiklik astanasında: klub kimin kurasiyasına keçir?
- 17 Apr 2024 13:00
- 1050
Yayda "Sumqayıt"da ciddi dəyişikliklə olacağı gözlənilir.
Rekord.az-a bununla bağlı müəyyən məlumatlar daxil olub.
Heç kimə sirr deyil ki, klub 2010-cu ildə AFFA-nın təşəbbüsü ilə yaradılmış, 1 il sonra isə Premyer Liqaya gətirilmişdi. Elitaya gələn gündən legioner qadağası tətbiq olunan "Sumqayıt"ın "hədəf"i yalnız yerli futbolçularla oynamaqla milli komandaya futbolçu yetişdirmək olub. Lakin təəssüf ki, ilk gündən AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun şəxsi kurasiyasında və nəzarətində olan klub daha çox milliləşdirilmiş qeyri-azərbaycanlılara qucaq açıb. Artıq AFFA-da rəhbərlik dəyişib. "Nə qədər ki, mən AFFA prezidentiyəm, "Sumqayıt" "aşağı" düşməyəcək" deyən Rövnəq Abdullayev var, nə də "Sumqayıt" öz biznes obyektinə çevirən Elxan Məmmədov. Məmmədovun Azərbaycan futboluna yerləşdirdiyi kadrları da yavaş-yavaş futboldan uzaqlaşdırılır. Düzdür, sabiq baş katibin həm yaxın dostu, həm də kadrlarından hesab olunan Riad Rəfiyev hələ də iş başındadır və "Sumqayıt"ın prezidenti kimi fəaliyyətini davam etdirir. Amma bir məqamı da xatırladaq ki, Rəfiyevə tək Məmmədov yox, eyni zamanda AFFA-nın vitse-prezidenti Elşad Nəsirov da dəstək olub. Nəsirov isə federasiyanın yeni komandasında da yer alıb. Lakin gələn məlumatlar odur ki, Məmmədovun kadrlarının futboldan kənarlaşdırılması prosesinə Nəsirov da mane ola bilmir. Futboldakı çevrəsi, dostları futboldan kənarlaşan Rəfiyev meydanda tək qalınca, istər-istəməz əvvəlki səlahiyyətlərə, söz keçirmək gücünə malik olmayacağını hiss etdiyi üçün özü də getməyi götür-qoy edir. "Sumqayıt"ın bundan sonrakı taleyinə gəlincə, bu məsələ də bir qədər maraqlıdır. Klubun əsas sponsoru yenə "Azərikimya" olacaq. Amma kluba yeni rəhbər hardan göndəriləcək, bu məsələdə əsas sözü kim deyəcək, bütün bu məsələlər hələ ki açıq qalır.